Kriminal

Döyülən qadın hakim qarşısında ərini bağışladı

Döyülən qadın hakim qarşısında ərini bağışladı

Bakının Sabunçu rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində, Yeni yaşayış massivində baş verib.

Naxçıvan sakini, 1985-ci il təvəllüdlü Amid həmin ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında qeyri-rəsmi nikah münasibətində olduğu Surayə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə nəticəsində o, qadının baş nahiyəsinə əli ilə bir neçə dəfə, sol ayaq nahiyəsinə isə ayağı ilə bir neçə dəfə qəsdən zərbələr endirərək ona xəsarətlər yetirib.

Faktla bağlı Amidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib, zərərçəkmiş də ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

R
Redaktor