Kriminal

Başqa qızlarla yazışmaq 1500 manata başa gəldi — Məhkəmə

Başqa qızlarla yazışmaq 1500 manata başa gəldi — Məhkəmə

Bakının Sabunçu rayonunda 30 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü Kərəm ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Günelə (adlar şərtidir – red.) xəsarət yetirib.

Kərəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Kərəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Günellə 2024-cü ildə ailə həyatı qurub:

"Məlum hadisə günü, gecə təxminən saat 00:30 radələrində Bakıxanov qəsəbəsində dostlarımla oldum. Sonra yaşadığım ünvana gəldim. Mən evə daxil olan zaman həyat yoldaşımla aramızda sözlü mübahisə yarandı. Mübahisənin yaranma səbəbi isə mənim evə gec gəlməyim olub".

Təqsirləndirilən şəxs deyib ki, daha sonra istifadə etdiyi mobil telefonunu masanın üzərinə qoyub və əl-üzünü yumaq məqsədilə hamama daxil olub:

"Bir neçə dəqiqə sonra masanın üzərindən mobil telefonumu götürdüm. Mobil telefonun ekranını açdıqdan sonra ona müdaxilə olunduğunu hiss etdim və bu barədə Günelə iradımı bildirən zaman o, ilk öncə məlumatsız olduğunu desə də, sonradan telefona baxdığını etiraf etdi. Elə bu səbəbdən də əsəbləşərək onun üzərinə getdim və əlimlə bir neçə zərbə vurdum".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, dəfələrlə zərərçəkmişlə barışmağa cəhd etdiyini, lakin zərərçəkmiş şəxsin onu bağışlamadığını deyib.

İş üzrə zərərçəkmiş Günelin sözlərinə görə, son vaxtlar Kərəm ona qarşı laqeyd münasibət göstərib, onun başqa bir qadınla münasibətinin olmasından şübhələnib:

"Məlum hadisə günü, gecə saat 00:30 radələrində Kərəm evə gəldi və onun gec gəlməsindən şübhələndiyim üçün istifadə etdiyim mobil telefona baxdım. WhatsApp proqramında başqa bir qadınla səmimi yazışmalarını aşkar etdim. Bir neçə dəqiqə sonra Kərəm masanın üzərindən telefonu əlinə götürdü. Ekranı açdıqdan sonra nə üçün telefonuna baxdığımı soruşaraq üzərimə qışqırdı. İlk öncə telefona baxdığımı etiraf etmək istəməsəm də, sonradan baxdığımı etiraf etdim. Həmin vaxt Kərəm mənimlə mübahisə etməyə başladı və üzərimə gələrək məni yerə yıxdı. Bundan sonra isə bədənimin müxtəlif yerlərinə əli ilə zərbələr vuraraq mənə xəsarət yetirdi".

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Kərəm 1500 manat məbləğində cərimə olunub.

Fariz Məlikli

R
Redaktor