Özəl

Avropanın gözü bu dəhlizdədir — Azərbaycanın Mərkəzi Asiyada artan strateji rolu (ŞƏRH)

Avropanın gözü bu dəhlizdədir — Azərbaycanın Mərkəzi Asiyada artan strateji rolu (ŞƏRH)

"Zbiqnev Bjezinskinin 1997-ci ildə nəşr olunmuş "Böyük şahmat taxtası" əsərində Avrasiya qlobal geosiyasi rəqabətin əsas məkanlarından biri olaraq konseptuallaşdırılır. Qitə boyunca güc bölgüsünün beynəlxalq strateji nizamın formalaşmasına əhəmiyyətli təsir göstərdiyi vurğulanır. Bu çərçivədə Mərkəzi Asiyanın vacibliyi onun coğrafi mövqeyi, resurs potensialı və böyük güclərə strateji yaxınlığı ilə şərtlənir".

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Avropanın gözü bu dəhlizdədir — Azərbaycanın Mərkəzi Asiyada artan strateji rolu (ŞƏRH)

Onun sözlərinə görə, regionun əhəmiyyətini yalnız geosiyasi rəqabət məkanı kimi çıxış etməsi ilə məhdudlaşdırmaq olmaz:

"Bu əhəmiyyət, eyni zamanda, Avrasiya boyunca güc balansına təsir göstərmək uğrunda daha geniş mübarizəni əks etdirir. Fəlsəfi baxımdan geosiyasi əhəmiyyət heç də həmişə strateji subyektliklə nəticələnmir. Region əlverişli coğrafi mövqeyə malik ola, xarici güclərin diqqətini cəlb edə və geosiyasi rəqabətdə mühüm yer tuta bilər. Lakin bütün bu amillər onun strateji inkişaf istiqamətini müəyyənləşdirmək üçün zəruri siyasi, iqtisadi və institusional imkanlara malik olması demək deyil. Klassik geosiyasi nəzəriyyələr Mərkəzi Asiyanın strateji əhəmiyyətini anlamaq üçün dəyərli analitik çərçivələr təqdim etsə də, onları beynəlxalq münasibətlərin dəyişməz və deterministik izahı kimi qəbul etmək olmaz. Coğrafiya müəyyən struktur şərtləri və strateji imkanlar formalaşdırır, lakin siyasi nəticələri əvvəlcədən müəyyən etmir. Məhz bu məqamda strateji baxımdan lider amilinin son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmək yerinə düşər. Təqdim olunan imkanları fürsətlərə çevirməyi bacaran liderlər və onların strateji yanaşmaları mövcud struktur şərtlərini və strateji imkanları düzgün zamanda və lazımi məqamda dəyərləndirməyi bacarmalıdırlar. Bu gün Mərkəzi Asiya dövlətləri öz milli maraqlarını həyata keçirir, diplomatik və iqtisadi tərəfdaşlıqlarını şaxələndirir, həmçinin böyük güclər arasında güclənən rəqabət şəraitində suverenliklərini qorumağa çalışırlar. Buna görə də Mərkəzi Asiya artıq yalnız xarici güclərin ambisiyaları ilə formalaşan geosiyasi rəqabət məkanı kimi çıxış etmək istəmir. Əksinə, region dövlətləri strateji subyektlik nümayiş etdirmək və öz geosiyasi mühitlərinin formalaşmasında fəal iştirak etmək əzmini ortaya qoyurlar. Buna görə də Mərkəzi Asiyanın əhəmiyyəti getdikcə artır".

Politoloq söyləyib ki, son dövrlərdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında misli görünməmiş münasibətlərin formalaşdığının şahidiyik:

"Bu münasibətləri müsbət müstəviyə daşıyan və müsbət qəbul etdirən başlıca amil ondan ibarətdir ki, söhbət bir-birinə yad olan iki coğrafiyadan getmir. Ortaq tarixi bağlara, milli-mənəvi dəyərlərə və keçmişə bağlılığa malik beynəlxalq münasibətlər sisteminin subyektlərinin yaxınlaşması zərurətdən doğan reallıq olmaqla yanaşı, həm də zərurətdir. Azərbaycan-Türkmənistan münasibətlərində əsas siyasi xətt ikitərəfli əlaqələrdən daha geniş regional əməkdaşlıq modelinə keçidin sürətlənməsi olub. Oktyabrın 8-də cənab Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Bərdiməhəmmədovla görüşdü. Tərəflər son bir il ərzində keçirilmiş beş yüksək səviyyəli görüşün siyasi dialoqun intensivliyini göstərdiyini vurğuladılar. Danışıqlarda siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə, eləcə də Xəzər dənizi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olundu. Bu isə münasibətlərin yalnız diplomatik yaxınlıq səviyyəsində deyil, institusional və praktiki əməkdaşlıq mərhələsində inkişaf etdiyini göstərir. Görüş bu inkişafı nümayiş etdirən əsas siqnallardan biridir. Azərbaycan-Türkmənistan əməkdaşlığı Mərkəzi Asiya formatına daxil olur. Mühüm siyasi məqam ondan ibarətdir ki, Türkmənistan Azərbaycan üçün artıq yalnız ikitərəfli tərəfdaş deyil, həm də Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişaf etdirilməsində əsas platformalardan birinə çevrilir. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisindən dünya bazarlarına daşınması artır. Bu, bir daha Azərbaycanın mühüm coğrafi mövqeyindən, beynəlxalq münasibətlər sistemində fəal iştirakından, həmçinin yeni çıxılan yolda etibarlı aktor olmasından xəbər verir".

Şəbnəm Həsənova qeyd edib ki, eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində də iş aparılır:

"Bu kontekstdə Azərbaycan-Türkmənistan əməkdaşlığının siyasi əhəmiyyətini yalnız neft və qaz sahəsi ilə məhdudlaşdıra bilmərik. Söhbət Xəzərin iki sahilini birləşdirən enerji, ticarət, tranzit və nəqliyyat bağlantılarının genişləndirilməsindən gedir. Xəzərin hər iki sahilindəki infrastrukturun Mərkəzi Asiyanı Azərbaycan üzərindən beynəlxalq bazarlara bağlaması xüsusi vurğulanır. Buna görə də Azərbaycan-Türkmənistan əməkdaşlığı Orta Dəhlizin Xəzər seqmentində mühüm yer tutur. Enerji, yükdaşımalar və logistikanın paralel inkişafı iki ölkənin geosiyasi əhəmiyyətini daha da artırır. Türkmənistan özünü neytral siyasət yürüdən aktor kimi təqdim etsə də, bu siyasəti qorumaqla yanaşı, regional əməkdaşlığın genişləndirilməsini dəstəkləyir. Bu baxımdan, oktyabrın 8-də keçirilən görüşdə siyasi, diplomatik, iqtisadi və humanitar əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsinin ön plana çıxarılması diqqətəlayiqdir. Bu, Azərbaycanla münasibətlər baxımından da mühüm məqamdır. Əməkdaşlıq daha çox iqtisadiyyat, nəqliyyat, enerji və regional platformalar üzrə dərinləşir. Son həftənin hadisələrini vahid xətt üzrə ümumiləşdirsək, Azərbaycan-Türkmənistan münasibətlərində üç paralel istiqamətin özünü büruzə verdiyini qeyd etmək yerinə düşər. Birincisi, ikitərəfli siyasi dialoq intensivləşir. Bu, yüksək səviyyəli səfərlərin tezliyində özünü göstərir. İkincisi, enerji və tranzit əməkdaşlığı dərinləşir. Türkmənistanın enerji resurslarının Azərbaycan üzərindən beynəlxalq bazarlara çıxışı və Xəzərin nəqliyyat bağlantıları ön plana çıxır. Üçüncüsü isə münasibətlər regional müstəviyə keçir. Yəni Azərbaycan artıq Mərkəzi Asiya əməkdaşlığının institusional platformalarında fəal iştirak edir, Türkmənistan isə bu prosesin mühüm siyasi məkanlarından biri kimi çıxış edir. Azərbaycan-Türkmənistan münasibətləri ikitərəfli gündəmdən kənara çıxır. Xəzər dənizi Mərkəzi Asiya ilə Avropa arasındakı əlaqələrin daha geniş siyasi və iqtisadi arxitekturasının komponentinə çevrilir. Enerji təhlükəsizliyi, Orta Dəhliz və Mərkəzi Asiyanın qlobal bazarlara çıxışı baxımından bu, son dərəcə mühüm amildir".

FH
Fidan Hacızadə
Müxbir