"Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır"
Demokrat.az xəbər verir ki, bunu Gənclər və İdman Naziri Fərid Qayıbov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfrans zamanı deyib.
Onun sözlərinə görə, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi, onların vətənpərvərlik hisslərinin gücləndirilməsi və tarixi keçmişimizə bağlılığının qorunması mühüm məsələlərdəndir:
"Bu istiqamətdə həyata keçirilən maarifləndirici proqramlar gənclərin dünyagörüşünün formalaşmasına, milli kimliklərini dərk etmələrinə və cəmiyyətdə fəal mövqe tutmalarına töhfə verir.
Gənclərlə işləyən təşkilatların, mütəxəssislərin və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti bu prosesin daha səmərəli təşkilinə imkan yaradır. Belə tədbirlər çərçivəsində fikir mübadiləsinin aparılması, mövcud problemlərin müzakirəsi və yeni təşəbbüslərin irəli sürülməsi gənclər siyasətinin inkişafı baxımından əhəmiyyətlidir.
Bu gün əsas məqsədlərdən biri gənclərin milli tariximizə, mədəni irsimizə və mənəvi dəyərlərimizə bağlılığını gücləndirməkdir. Tarixini tanıyan, keçmişindən nəticə çıxaran və milli dəyərlərini qoruyan gənclik cəmiyyətin gələcəyinin etibarlı təminatçısıdır. Buna görə də gənclərin hərtərəfli inkişafına dəstək göstərilməsi, onların sağlam düşüncəli, məsuliyyətli və vətənpərvər vətəndaşlar kimi yetişdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi vacibdir".
Nuray Paşşanlı


