Cəmiyyət

Aynur Sofiyeva: Artıq tədbirlərlə kifayətlənmək olmaz

Aynur Sofiyeva: Artıq tədbirlərlə kifayətlənmək olmaz

Gənclərlə ünsiyyət qurmaq, onların fikirlərini öyrənmək və rəylərini dinləmək bizim üçün çox vacibdir. Çünki gənclərdən geri dönüş almaq, onların düşüncələrini və gözləntilərini nəzərə almaq bu gün qarşıda duran əsas məsələlərdəndir.

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransın panel sessiyasında deyib.

Onun sözlərinə görə, dövlət gənclər siyasətinin möhkəm təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub:

"Gənclərə qayğı, diqqət və inam bu siyasətin əsas istiqamətləri kimi bu gün də davam edir. Hazırda gənclər siyasəti dövlətimizin strateji prioritetlərindən biridir.

Xüsusilə ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan Yeni Azərbaycan Partiyasının VIII qurultayını və Prezident, partiyanın sədri cənab İlham Əliyevin strateji vəzifələrimizə həsr olunmuş proqram xarakterli çıxışını qeyd etmək istərdim. Həmin çıxışda tarixi yaddaşın qorunması, hərbi qüdrətimizin daha da artırılması, suverenliyimizin möhkəmləndirilməsi, ideoloji təhlükəsizlik, milli-mənəvi dəyərlər və vətənpərvərlik kimi mühüm məsələlərə toxunulub.

Hesab edirəm ki, bu mesajlar fəaliyyətimiz üçün yeni yanaşmaların müəyyənləşdirilməsini zəruri edir. Artıq yalnız tədbirlərin keçirilməsi ilə kifayətlənmək olmaz. Əsas məqsəd görülən işlərin real nəticələrini qiymətləndirmək, gənclərin düşüncələrində və davranışlarında müsbət dəyişikliklərə nail olmaqdır. Prezidentimizin vurğuladığı məsələlər bu istiqamətdə fəaliyyətimizə daha məsuliyyətli və nəticəyönümlü yanaşma tələb edir".

R
Redaktor