"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşündə iştirak edib".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Onun sözlərinə görə, bu format 2018-ci ildə təsis edilib və həmin vaxtdan indiyə qədər 7 görüş keçirilib:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ildə Düşənbədə, 2024-cü ildə isə Astanada təşkil olunan Məşvərət Görüşlərində fəxri qonaq statusunda iştirak edib. 2025-ci ilin noyabr ayında isə Azərbaycan Respublikası Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü qəbul edilib. Bununla da C5 formatı C6 formatına keçib. Azərbaycan Prezidentinin təbirincə desək, Azərbaycan Mərkəzi Asiya coğrafiyasında yerləşməsə də, münasibətlərimizin səviyyəsi və vahid geoiqtisadi məkan kimi çıxış etməyimiz nəticə etibarilə əlaqələrimizin daha da dərinləşməsinə səbəb olub və ölkəmizi bu formatın tamhüquqlu üzvünə çevirib. Dövlət başçısı tədbir çərçivəsində çıxış edib. Nitqində Azərbaycan ilə Türkmənistan arasında əlaqələrə də xüsusi yer ayıraraq bildirib ki, məhz ötən ilin avqust ayında, yəni 2025-ci ilin avqustunda, Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə Türkmənistan tərəfi çıxış edib. Prezident bu yanaşmaya və dəstəyə görə Türkmənistan dövlətinin siyasi rəhbərliyinə dərin minnətdarlığını ifadə edib və qeyd edib ki, hazırda Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq 5 səfər həyata keçirilib. Bu da özlüyündə mühüm göstəricidir. Bundan başqa, hörmətli Qurbangulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisi dostluğumuzun və qardaşlığımızın simvoluna çevrilib. Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasında dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında qardaş dəstəyinin bizim üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bu baxımdan Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi bir daha bu dediklərimizi təsdiqləyir. Dövlət başçısı, eyni zamanda, ötən il Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin 50 faizdən çox artdığını və hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərdiyini diqqətə çatdırıb".
Elman Nəsirov əlavə edib ki, bununla yanaşı, Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb:
"Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Yəni siyasi iradə var, maliyyə imkanları mövcuddur və dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətləri formalaşıb. Bütün bunlar əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün unikal şərait yaradır. Prezident əməkdaşlığımızın əsas istiqamətlərindən birinin də nəqliyyat olduğunu bildirib və Xəzər dənizinin ölkələrimiz arasında nəqliyyat əlaqələrində getdikcə daha mühüm rol oynadığını qeyd edib. Bu çərçivədə xüsusilə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Çindən gələn mallar Mərkəzi Asiyadan və oradan Xəzər dənizi vasitəsilə Azərbaycana gətirilir, ölkəmizdən isə Avropa bazarına çıxarılır. Bu, olduqca əhəmiyyətli məsələdir. Paralel olaraq, Rəqəmsal İpək Yolu layihəsi də həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində işlər görülür. Dövlət başçısı Orta Dəhlizin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb. Ötən il bu marşrut üzrə tranzit daşımaların həcmi 10 faizdən çox, bu ilin ilk 8 ayında isə təxminən 20 faiz artıb. Energetika sahəsində əməkdaşlığımıza gəldikdə isə, dövlətimizin başçısı bu ölkələrlə "yaşıl enerji" dəhlizinin yaradılması istiqamətində də addımlar atıldığını bildirib. Bu istiqamətdə xüsusilə Qazaxıstan və Özbəkistanla birgə işin ciddi nəticələri var. Çıxışının sonunda dövlətimizin başçısı ölkəmizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyin bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələri və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətinin möhkəmlənməsinin təminatı olduğunu ifadə edib. Yəni Azərbaycan sülhsevər dövlətdir və təhlükəsiz mühitin formalaşması istiqamətində ciddi addımlar atıb, mühüm nəticələr əldə edib. Bütün Mərkəzi Asiya ölkələri də bu reallığı görür və fərqindədir. Məhz bunların sayəsində Azərbaycanla Mərkəzi Asiya regionu dövlətləri arasında əlaqələr bütün istiqamətlər üzrə dinamik inkişaf tempinə malikdir".


