Kanadalı müğənni Selin Dion Parisdəki konserti zamanı səhnədə gözlənilməz vəziyyətlə üzləşib.
Demokrat.az xəbər verir ki, hadisə sənətçinin Parisdə keçirilən konsertlərindən biri zamanı baş verib.
58 yaşlı ifaçı səhnədə rəqs hərəkəti edərkən bir ayağının üzərində tullanmağa çalışıb. Lakin müvazinətini itirən müğənni sürüşərək səhnəyə yıxılıb və yıxılarkən əli ilə döşəmədən dayaq alıb.
Dion hadisədən sonra çox keçmədən ayağa qalxıb. O, tamaşaçılara vəziyyətinin yaxşı olduğunu bildirən işarə edərək çıxışını davam etdirib və "Dans un autre monde" mahnısını səsləndirib.
Qeyd edək ki, bu, sənətçinin Parisdəki çıxışı zamanı qarşılaşdığı ilk gözlənilməz hadisə olmayıb. Bundan əvvəl Dion "Pour que tu m'aimes encore" mahnısını ifa edərkən sözləri unutduğunu etiraf edib.
"Mən sözləri unutdum", – deyə müğənni 35 minə yaxın tamaşaçının qarşısında bildirib. Tamaşaçılar isə ona dəstək olaraq mahnını Dionla birlikdə oxuyublar.
Selin Dion 2022-ci ildə ona oynaqların sərtləşməsi sindromu diaqnozu qoyulduqdan sonra bir sıra konsertlərini təxirə salmışdı. Parisdə sentyabr ayında başlayan 16 konsertlik proqram isə onun 2020-ci ildə ABŞ-dəki çıxışından sonra uzun fasilədən sonra səhnəyə qayıdışını əks etdirir.
Bununla belə, müğənni 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində də səhnəyə çıxmışdı.
Karyerası ərzində 200 milyondan çox albom satan Dion fransızdilli musiqi tarixinin ən uğurlu ifaçılarından biri hesab olunur. O, 1988-ci ildə İsveçrənin təmsilçisi kimi "Avroviziya" Mahnı Müsabiqəsinin qalibi olub və beş "Qremmi" mükafatına layiq görülüb.
Müğənninin dünya miqyasında tanınmasında "Titanik" filminin əsas musiqisi olan "My Heart Will Go On" mahnısı da mühüm rol oynayıb.


