Turizm

Azərbaycanın ən varlı qonaqları onlardır — Açıqlama

Azərbaycanın ən varlı qonaqları onlardır — Açıqlama

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda adambaşına ən çox pul xərcləyən turistlər ABŞ-dan gəlib. Onların orta xərci 2 411 manat təşkil edib. Bu göstərici xarici turistlər üzrə orta xərclə (1 713 manat) müqayisədə təxminən 41% çoxdur. İkinci yerdə Birləşmiş Ərəb Əmirlikləri (2 293 manat), üçüncü yerdə Kanada (2 273 manat) qərarlaşıb. İlk beşliyə həmçinin Küveyt (2 256 manat) və Qətər (2 242 manat) daxildir. Beləliklə, Azərbaycanda adambaşına ən çox pul xərcləyən turistlərin ilk beşliyində iki Şimali Amerika və üç Körfəz ölkəsi yer alıb.

Demokrat.az-a bu barədə danışan turizm eksperti Rəhman Quliyev bildirib ki, son illər Azərbaycana üst seqment turistlərin gəldiyini müşahidə edirik:

Azərbaycanın ən varlı qonaqları onlardır — Açıqlama

"Təbii ki, bu da onu göstərir ki, cənab Prezidentin ABŞ-də Ermənistanın baş naziri və ABŞ Prezidenti Donald Trampla üçtərəfli bəyanat imzalamasından, burada sülhün paraflanmasından sonra Şimali Amerikadan, xüsusilə ABŞ və Kanadadan, eləcə də İngiltərədən gələn turistlərin Azərbaycana marağı artıb. Bu istiqamətdə üst seqment turistlərə marağın yüksəldiyini hiss edirik. Təbii ki, burada həm turist, həm də investisiya marağı olan şəxsləri görürük. Azərbaycana gələn turistlər arasında əvvəllər də üst seqmentə aid olanlar var idi. Lakin özüm tam əminliklə deyə bilərəm ki, son illər onların sayı daha da artıb. Bunun da müəyyən əsasları var. Azərbaycan təhlükəsiz ölkədir və ölkəyə güclü lider rəhbərlik edir. O, bütün dünyada söz sahibidir. Görürük ki, hazırda dünyada baş verən siyasi və geosiyasi problemlər Azərbaycandan yan keçir. Təbii ki, bu da möhkəm iradəyə malik, güclü siyasət aparan cənab Prezidentin fəaliyyəti sayəsindədir. Son illərdə viza rejiminin sadələşdirilməsi və ya ləğv olunması da Azərbaycana gələn turistlərin sayında özünü büruzə verir. Hesab edirəm ki, qarşılıqlı viza rejiminin ləğvi ümumiyyətlə Azərbaycanla digər ölkələr arasında turist mübadiləsinə çox ciddi müsbət təsir göstərir. Uzun illərdir böyük bazarlar üzərində işləyirik. Turizm Azərbaycanda son 10 ildə inkişaf etməyə başlayıb və bu, danılmazdır. Hesab edirəm ki, bu gün cənab Prezidentin bölgələrdə, xüsusilə Xankəndidə, Şuşada və Qəbələdə yüksək vəzifəli şəxsləri, dünya liderlərini qəbul etməsi həmin bölgələrin turizm baxımından böyük reklamına çevrilir. Mən bunu belə qiymətləndirirəm".

Ekspert əlavə edib ki, bu gün üst seqment turistlərin Azərbaycana gəlməsinin əsas səbəblərindən biri də investisiya maraqlarıdır:

"Azərbaycanın həm yerli, həm də xarici iş adamları üçün şəffaf biznes mühiti yaratması onu göstərir ki, ölkə azad iqtisadi zonaya çevrilir. Azərbaycan iqtisadiyyatı gücləndikcə və inkişaf etdikcə dünyanın ən varlı insanlarının da ölkəmizə marağı artacaq. Yeni iş yerlərinin açılması da gündəmə gəlir. Azərbaycana gələn iş adamları və xarici qonaqlar üçün əlverişli biznes mühiti yarandıqca biznes turizmi də inkişaf etməyə başlayır. Bütün bunlar bir-biri ilə vəhdət təşkil edən məsələlərdir. Bununla bağlı dövlət və ölkə rəhbərliyi tərəfindən bütün lazımi hədəflər müəyyənləşdirilib, qarşıya qoyulan tələblər artıqlaması ilə yerinə yetirilib. Artıq turizm sektoru, turizm sənayesinin obyektləri, əsasən, özəl sektorun əlində cəmləşib. Belə bir şəraitdə turizmin inkişafı özəl sektorun fəaliyyətindən də asılıdır. Özəl sektorda çalışan otellərin, restoranların, yaşayış obyektlərinin, turizm şirkətlərinin və regionlardakı turizm komplekslərinin üzərinə böyük məsuliyyət düşür. Onlar mövcud vəziyyəti və bazarı düzgün qiymətləndirməlidirlər. Çünki Azərbaycana gələn hər bir turistə fərdi yanaşmasaq, ona fərdi xidmət göstərməsək, həmin turist bir daha geri qayıtmayacaq. Ən yaxşı reklam Azərbaycana gələn turistə yüksək səviyyədə xidmət göstərməkdir. İstər üst seqment, istərsə də daha aşağı büdcəli turist olsun, hər kəsə eyni diqqət göstərilməlidir. Çünki bu gün sosial şəbəkələr dövrüdür. Ən aşağı büdcəli turist, hətta bir tələbə belə Azərbaycana gəlib səfərdən sonra sosial şəbəkələrdə ölkəmiz haqqında mənfi fikir formalaşdırsa və bu fikri paylaşsa, həmin məlumat yüz minlərlə insana çata bilər. Təbii ki, bu da Azərbaycan haqqında mənfi rəyin yaranmasına səbəb olar. O baxımdan, fərq qoymadan, istər aşağı büdcəli, istərsə də yüksək büdcəli turist olsun, hər kəsə eyni gözlə baxmalı, eyni səviyyədə yüksək xidmət göstərməliyik".

FH
Fidan Hacızadə
Müxbir