Son dövrlər sosial şəbəkələrdə dəniz kənarında və müxtəlif ərazilərdə cadu məqsədilə qoyulduğu iddia edilən əşyalar, fotoşəkillər və digər materiallarla bağlı görüntülərə rast gəlinir. Bəzi hallarda həmin əşyaların konkret şəxslərə qarşı istifadə edildiyi düşünülür.
Bəs bir şəxs özünə cadu edildiyini aşkar etdiyini iddia edərsə və bunu edən şəxsi müəyyənləşdirərsə, onun hüquqi müstəvidə hansı imkanları var?
Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycan qanunvericiliyinə əsasən, şəxsin özünə cadu edildiyini iddia etməsi və bunu edən şəxsi müəyyənləşdirdiyini düşünməsi həmin şəxsin avtomatik olaraq hüquqi məsuliyyətə cəlb olunması üçün əsas yaratmır.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, cinayət məsuliyyəti yalnız Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduqda yaranır:

"Buna görə də, yalnız cadu məqsədilə əşya və ya fotoşəkillərin yerləşdirilməsi iddiası özlüyündə cinayət əməli hesab edilmir. Lakin həmin hərəkətlərlə yanaşı hədə-qorxu, şantaj, dələduzluq, əmlaka zərər vurma və ya digər qanunazidd əməllər törədilibsə, zərərçəkmiş şəxs polisə və ya prokurorluğa müraciət edə bilər. Məsələn, cadu edildiyi iddiasından istifadə etməklə şəxsdən pul tələb olunması, konkret hallardan asılı olaraq, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq və ya 182-ci maddəsində nəzərdə tutulan hədə-qorxu ilə tələb etmə cinayətinin əlamətlərini daşıya bilər".
Hüquqşünas əlavə edib ki, şəxs müraciət edərkən yazışmaları, fotoşəkilləri, səs yazılarını, şahid ifadələrini və digər mümkün sübutları təqdim edə bilər:
"Bununla belə, yalnız şübhə və ya ehtimal əsasında kimisə ictimai şəkildə ittiham etməkdən çəkinmək vacibdir. Hüquqi müdafiə imkanları cadu iddiasının özündən deyil, həmin hadisə ilə əlaqəli konkret qanun pozuntusunun və onu təsdiqləyən sübutların mövcudluğundan asılıdır".


