Maraqlı

Yastıqları yuyarkən bu üsuldan istifadə edin - Formasını qoruyur

Yastıqları yuyarkən bu üsuldan istifadə edin - Formasını qoruyur

Yastıqları paltaryuyan maşında yuyarkən onların formasını qorumaq və içliyin topalanmasının qarşısını almaq üçün bir neçə qaydaya əməl etmək lazımdır. Mütəxəssislər yuma zamanı barabana əlavə dəsmal və ya tennis topları qoymağı tövsiyə edirlər.

Demokrat.az xəbər verir ki, bu barədə "Martha Stewart" nəşrinin tövsiyələrinə istinadən UNİAN məlumat yayıb.

Yastığı yumazdan əvvəl onun etiketindəki təlimatları yoxlamaq vacibdir. Sintetik və lələk-tük içlikli yastıqların əksəriyyətini paltaryuyan maşında yumaq mümkündür. Lakin lateks və poliuretan köpükdən hazırlanan, eləcə də bəzi ortopedik yastıqları maşında yumaq məsləhət görülmür. Bu, onların daxili quruluşuna zərər verə bilər.

Yastığın içliyi niyə topalanır?

Yuma zamanı içliyin bir yerə yığılmaması üçün barabana eyni vaxtda iki yastıq yerləşdirmək tövsiyə olunur. Bu, xüsusilə şaquli yükləməli maşınlarda tarazlığın qorunmasına kömək edir. Üfüqi yükləməli maşınlarda isə yastıqla birlikdə bir neçə dəsmal yerləşdirmək olar.

Lələk və tük yastıqları necə yuyulmalıdır?

Belə yastıqları yumşaq yuyucu vasitə ilə, zərif rejimdə və ilıq suda yumaq məsləhətdir. Parça yumşaldıcısından istifadə etməmək, yuyucu vasitənin qalıqlarını tam təmizləmək üçün isə əlavə yaxalama rejimini iki dəfə işə salmaq tövsiyə olunur.

Qurutma zamanı aşağı temperatur seçilməli və ya yastıq isti havada açıq şəraitdə qurudulmalıdır. Quruducu maşından istifadə edildikdə içinə iki tennis topu qoymaq içliyin daha bərabər yayılmasına və yumşalmasına kömək edə bilər. Yastığın tam quruması vacibdir, çünki içəridə qalan nəmlik kif yaranmasına səbəb ola bilər.

Sintetik yastıqların yuyulması

Sintepon kimi sintetik içlikli yastıqları, etiketdə başqa göstəriş yoxdursa, yumşaq yuyucu vasitə ilə "Sintetika" rejimində yumaq olar. Qurutma zamanı tennis toplarından istifadə içliyin formasını bərpa etməyə kömək edir. Proses başa çatdıqdan sonra yastığın içərisində nəm qalıb-qalmadığını yoxlamaq lazımdır.

Mütəxəssislər yastıqların təxminən 3–6 aydan bir yuyulmasını tövsiyə edirlər. Allergiyası və ya dəri problemləri olan şəxslərə daha tez-tez yumaq lazım gələ bilər. Yastıq üzlərinin isə ən azı iki həftədən bir dəyişdirilməsi məsləhət görülür.

Jalə