YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Hər gün şorba içmək vacibdirmi? - Həkim məşhur fikrin doğru olmadığını açıqladı

Hər gün şorba içmək vacibdirmi? - Həkim məşhur fikrin doğru olmadığını açıqladı

Uşaqlıqdan insanlara hər gün şorba və digər duru yeməklər qəbul etməyin vacib olduğu aşılanır. Əks halda mədə-bağırsaq problemlərinin yaranacağı iddia edilir. Lakin mütəxəssislər bu fikrin elmi əsasının olmadığını bildirirlər.

Demokrat.az xəbər verir ki, bu barədə ukraynalı "UNIAN" nəşrinə açıqlamasında qastroenteroloq və dietoloq Lyudmila Fedorçenko danışıb.

Həkimin sözlərinə görə, şorba sağlam qidalanmanın ayrıca və məcburi kateqoriyası deyil, sadəcə yemək hazırlamaq üsullarından biridir. Onun qida dəyəri isə tərkibindəki məhsullardan asılıdır.

Məsələn, tərəvəz və mərciməkdən hazırlanan şorba orqanizmi lif, vitamin və minerallarla təmin edir. Ət, balıq və paxlalılar zülal, taxıllar isə karbohidrat mənbəyidir. Şorbanın tərkibindəki maye də gündəlik su balansının qorunmasına kömək edir.

Fedorçenko qeyd edib ki, az kalorili şorbanın əsas yeməkdən əvvəl qəbulu toxluq hissini artıraraq ümumi kalori qəbulunu azalda bilər. Lakin bu, bütün şorbaların arıqlamağa kömək etdiyi anlamına gəlmir.

Şorbanın zərəri nədən asılıdır?

Mütəxəssis bildirib ki, şorbanın faydalı və ya zərərli olması onun duru olmasından deyil, tərkibindən asılıdır. Həddindən artıq duz, hisə verilmiş məhsullar, yağlı ət və qaymaq yeməyin natrium, doymuş yağ və kalori miqdarını artıra bilər.

Həkimin fikrincə, böyük bir kasa şəffaf bulyon mədəni doldursa da, orqanizmi kifayət qədər zülal və enerji ilə təmin etməyə bilər.

Hər gün şorba yemək məcburiyyət deyil

Qastroenteroloq vurğulayıb ki, müasir sağlam qidalanma tövsiyələrində hər gün şorba içmək tələbi yoxdur. İnsan orqanizminin həzm sistemi müxtəlif konsistensiyalı qidaları həzm etmək üçün uyğunlaşıb. Mədənin normal fəaliyyəti üçün əvvəlcədən duru yemək qəbul etmək vacib deyil.

Həkim əlavə edib ki, şorbanın həzmi "işə salması" fikrinin də fizioloji əsası yoxdur. Həzm şirələrinin ifrazı və mədə-bağırsaq sisteminin fəaliyyəti sinir və hormonal mexanizmlərlə tənzimlənir.

Əgər insan kifayət qədər tərəvəz, meyvə, zülallı qidalar, tam taxıl məhsulları qəbul edir və maye balansını qoruyursa, şorba yemədən də sağlam qidalana bilər.

Şorba yeməmək qastrit yaradırmı?

Mütəxəssis bu barədə cəmiyyətdə geniş yayılmış fikrin də yanlış olduğunu bildirib. Onun sözlərinə görə, qastrit mədənin selikli qişasının iltihabıdır və konkret səbəblərlə əlaqəlidir. Ən geniş yayılmış səbəblərdən biri "Helicobacter pylori" bakteriyasıdır. Bundan başqa, autoimmun proseslər və bəzi dərmanların təsiri də xəstəliyə səbəb ola bilər.

Şorba qəbul etməmək isə qastritin yaranma səbəbləri sırasında deyil. Eyni zamanda, bu vərdişin olmaması özlüyündə xora, qəbizlik və ya digər həzm problemlərinə də gətirib çıxarmır.

Həkim xəbərdarlıq edib ki, şorbadan imtina edən şəxslər həmin yemək vasitəsilə aldıqları tərəvəz və mayeni başqa qidalarla əvəz etməlidirlər.

Beləliklə, sağlam qidalanmaq üçün hər gün şorba içmək vacib deyil. Əsas məsələ rasionun balanslı və müxtəlif olmasıdır.