İran Prezidenti Məsud Pezeşkian ölkəsinin "nə müharibə, nə də sülh" vəziyyətindən mümkün qədər tez çıxmalı olduğunu bildirib. O, mövcud qeyri-müəyyənliyin ölkəyə iqtisadi və sosial baxımdan zərər vurduğunu vurğulayıb. Bu açıqlama İranın gələcək xarici siyasəti və regiondakı geosiyasi proseslərin mümkün istiqamətləri ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Politoloq Rəşad Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Pezeşkianın bu açıqlaması İran rəhbərliyinin qarşılaşdığı iqtisadi, sosial və təhlükəsizlik problemlərinin diplomatik həll yollarının axtarılmasını zəruri etdiyini göstərir.

Onun sözlərinə görə, Pezeşkianın fikirlərində əsas diqqət qeyri-müəyyənliyin iqtisadiyyata, istehsala və cəmiyyətin sosial vəziyyətinə vurduğu zərərə yönəlib:
"Bundan əvvəl, noyabrın 9-da da prezident Pezeşkian ABŞ-la danışıqlara açıq olduqlarını, lakin təzyiq və məcburetmə şəraitində güzəştə getməyəcəklərini bildirmişdi. İranın Qərblə münasibətlərində mümkün normallaşma ilk növbədə regionda geosiyasi rəqabətin xarakterinə təsir göstərə bilər. Hazırkı şəraitdə Tehran öz təhlükəsizlik maraqlarını qorumaq məqsədilə Rusiya və Çinlə əməkdaşlığa, həmçinin regional təsir imkanlarına xüsusi əhəmiyyət verir. ABŞ və Avropa ilə münasibətlərin yumşalması isə İranın xarici siyasətində daha çox iqtisadi diplomatiyaya və regional əməkdaşlığa yer ayırmasına şərait yarada bilər. Bununla belə, belə dəyişiklik İranın Rusiya və Çinlə əlaqələrindən imtina edəcəyi anlamına gəlmir. Daha çox çoxşaxəli xarici siyasət kursunun formalaşması ehtimalı nəzərdən keçirilə bilər. Cənubi Qafqaz bu prosesdən təsirlənə biləcək əsas regionlardan biridir. İranın Qərblə münasibətlərinin normallaşması Tehranın Azərbaycan və Ermənistanla iqtisadi əlaqələrini genişləndirməsinə, regional nəqliyyat layihələrində iştirak imkanlarını artırmasına şərait yarada bilər.
Digər tərəfdən, İranın regionda ABŞ-ın artan iştirakına münasibətində müəyyən yumşalma baş verərsə, TRİPP layihəsi ətrafında mövcud narahatlıqların diplomatik müstəvidə müzakirəsi üçün əlavə imkanlar yarana bilər. Lakin bu ssenarinin reallaşması avtomatik olaraq İranın bütün regional mövqelərini dəyişəcəyi demək deyil. Tehran xüsusilə Ermənistanla sərhədinin qorunmasını və regionda geosiyasi təsir imkanlarının saxlanılmasını strateji prioritet hesab edir. Buna görə də Qərblə münasibətlərin yaxşılaşması fonunda belə İranın bəzi regional məsələlərdə əvvəlki mövqeyini qoruması mümkündür. Azərbaycan üçün mümkün yeni geosiyasi şərait həm iqtisadi imkanlar, həm də müəyyən təhlükəsizlik riskləri yarada bilər. İlk növbədə, İran üzərindən beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi Azərbaycanın tranzit mövqeyinə yeni dinamika qazandıra bilər. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, İran limanları ilə Xəzər hövzəsi arasında yükdaşımaların artması və Azərbaycanın tranzit infrastrukturuna tələbatın yüksəlməsi ölkəmizin iqtisadi maraqlarına uyğundur. Eyni zamanda, sanksiyaların yumşaldılması İranın enerji sektoruna xarici investisiyaların qayıtmasına və regional enerji bazarında yeni rəqabət mühitinin yaranmasına səbəb ola bilər.
Bu isə Azərbaycan üçün həm əməkdaşlıq imkanları, həm də bazar rəqabəti baxımından nəzərə alınmalı amildir. Digər tərəfdən, İranla Qərb arasında razılaşmanın əldə olunması Azərbaycanın təhlükəsizlik maraqları üçün də müəyyən müsbət nəticələr verə bilər. Tehranın xarici siyasətində diplomatik vasitələrin rolunun artması Azərbaycanla münasibətlərdə qarşılıqlı etimadın möhkəmlənməsinə, sərhəd təhlükəsizliyi və regional kommunikasiyalar üzrə əməkdaşlığın genişlənməsinə şərait yarada bilər. Əks ssenaridə isə danışıqların uğursuzluğu, sanksiyaların davam etməsi və hərbi qarşıdurma təhlükəsinin saxlanılması Azərbaycanın cənub sərhədlərində əlavə risklər yarada, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyinə mənfi təsir göstərə bilər. ABŞ-ın İran iqtisadiyyatına təzyiq siyasətinin davam etməsi ehtimalı da nəzərə alınmalıdır. Bunları nəzərə alaraq deyə bilərik ki, İranın Qərblə münasibətlərində mümkün yeni mərhələ Cənubi Qafqazda geosiyasi qüvvələr balansına təsir göstərə bilər, lakin bu, mövcud güc münasibətlərinin köklü şəkildə dəyişməsi demək deyil. Bizim üçün əsas prioritet yaranan iqtisadi və tranzit imkanlarından istifadə etməklə yanaşı, bütün regional aktorlarla balanslaşdırılmış münasibətləri qorumaqdır. Azərbaycanın milli maraqları baxımından İranla qonşuluq münasibətlərinin inkişafı, ABŞ və Avropa ilə strateji əməkdaşlığın davam etdirilməsi, eləcə də regional nəqliyyat layihələrində suverenlik prinsipinin qorunması xüsusi əhəmiyyət daşıyır".



