İdman

Türkiyəni tərk edən rus futbolçudan sərt sözlər: "Hamı sizi aldatmağa çalışır"

Türkiyəni tərk edən rus futbolçudan sərt sözlər: Hamı sizi aldatmağa çalışır

Türkiyənin "Kayserispor" klubundan ayrılaraq Rusiyanın "Rodina" komandasına keçən German Onuqxa Kayseridə yaşadığı dövrlə bağlı sərt açıqlamalar verib. Futbolçu şəhərdəki restoranların keyfiyyətindən və taksi xidmətlərindən narazılığını ifadə edərək, futbolçu olduğunu bilən şəxslərin ondan daha çox pul almağa çalışdığını iddia edib.

Demokrat.az xəbər verir ki, 2025-2026 mövsümündə "Kayserispor"un formasını geyinən 30 yaşlı hücumçu Kayseridə gündəlik həyatın çətin olduğunu bildirib.

"Bütün Türkiyə adından danışa bilmərəm, amma Kayseriyə gəlincə, burada həyat bərbaddır. Vəziyyəti yumşaltmaq üçün belə deyirəm. Son illərdə özümü toparlamağıma kömək etdiyi üçün kokos suyu içirəm, amma şəhərdə onu tapmaq demək olar ki, mümkün deyil. Yeməklərin keyfiyyəti bərbaddır, restoranlar da həmçinin. Normal taksi yoxdur", deyə Onuqxa bildirib.

Rusiyalı futbolçu şəhərdə aldadılmağa çalışıldığını da iddia edib. Onun sözlərinə görə, insanların futbolçu olduğunu öyrənməsi xidmətlərin qiymətinə təsir göstərir:

"Kayseridə heç nə yoxdur. Yeməklərin keyfiyyəti pisdir, restoranlar bərbaddır. Oradakı vəziyyətdən heç xoşum gəlmədi. Normal taksilər yoxdur, hamı sizi aldatmağa çalışır. Futbolçu olduğunuzu başa düşəndə sizdən beş dəfə artıq pul almağa çalışırlar".

Qeyd edək ki, "Kayserispor" German Onuqxanı ötən mövsümün əvvəlində Danimarkanın "Kopenhagen" klubundan 1 milyon avroya transfer etmişdi. Mövsüm başa çatdıqdan sonra Rusiyaya qayıdan hücumçu "Rodina" ilə müqavilə imzalayıb. Onuqxa ötən mövsüm Türkiyə Super Liqasında 28 oyunda meydana çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Jalə