Bəzi hallarda aliment ödənişləri vətəndaşın aylıq gəlirinin böyük hissəsini təşkil edir. Maaşının əsas hissəsi alimentə tutulan şəxsin gündəlik yaşayış xərclərini qarşılamaq üçün çox az vəsaiti qalır.
Aliment məbləği müəyyən edilərkən şəxsin maddi vəziyyəti və yaşayış ehtiyacları nə dərəcədə nəzərə alınır?
Vəkil Mircavid Miriyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, məhkəmə qaydasında nikahın pozulması haqqında qətnamə çıxarılarkən həll edilməli olan əsas məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasının müəyyən edilməsidir:

"Məcəllənin 76-cı maddəsində yetkinlik yaşına çatmayan uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilir. Bununla yanaşı, həmin maddənin 76.2-ci bəndində qeyd olunur ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, eləcə də diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər. Bundan başqa, ağır xəstəliyi və ya əlilliyi olan uşaqlara göstərilən kənar qulluq, müalicə və reabilitasiya xərclərinin ödənilməsi üçün məhkəmə tərəfindən valideynlər əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər".
Vəkilin sözlərinə görə, hər bir halda məhkəmələr aliment təyin edərkən uşaqların mənafelərinin prioritetliyini əsas götürürlər:
"Yəni alimentin miqdarını təyin edən zaman məhkəmələr borclunun öhdəliklərini və qazancını nəzərə alsa da, uşağın maddi təminatının və mənafeyinin qorunması hər zaman üstün tutulur. Hətta valideynin daimi iş yerinin və ya sabit qazancının olmaması onu uşağı himayə etmək və aliment ödəmək vəzifəsindən azad etmir. Belə hallarda aliment sabit pul məbləğində müəyyən edilə bilər".


