Bir çox insan gündəlik suallarına cavab tapmaq, məsləhət almaq və şəxsi problemlərini bölüşmək üçün süni intellektə müraciət edir.
Bəs insanların qərarlarını getdikcə daha çox süni intellektə həvalə etməsi gələcəkdə hansı risklər yarada bilər? İnsan texnologiyanın verdiyi cavabları hansı hallarda mütləq yoxlamalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən rəqəmsal texnologiyalar üzrə mütəxəssis Vasif Qəhrəmanov bildirib ki, hər bir süni intellektin cavabından sonra aşağıda "Süni intellekt səhv edə bilər" xəbərdarlığı yer alır.

Onun sözlərinə görə, bu qeyd insanların süni intellektin verdiyi hər bir cavabın dəqiq olmadığını nəzərə almaları üçün əlavə edilib:
"Çünki bir çox insan elə düşünür ki, süni intellektin bütün cavabları doğrudur. Amma belə deyil. Süni intellekt də müəyyən mənada insan kimidir, insan xüsusiyyətlərini özündə daşıyır. Sadəcə, məlumatları daha sürətli emal edir və cavab verir. Əslində, süni intellekt bizim biliklərimiz, danışdıqlarımız və ona təqdim etdiyimiz məlumatlar əsasında formalaşıb. Buna görə də süni intellekt bəzi, belə deyək, dırnaqarası ekspertlərlə müqayisədə daha dəqiq və mənbələrə əsaslanan cavablar verə bilər. Məsələn, siz müvafiq ixtisası və ya səriştəsi olmayan bir şəxsdən məsləhət ala bilərsiniz. Həmin şəxs sizə mənbə göstərmədən yanlış məlumat verə bilər.
Süni intellekt isə bəzi hallarda cavablarını mənbələrlə əsaslandırdığı üçün ona daha çox güvənə bilərik. Ancaq bu, onun cavablarının 100 faiz doğru olduğu anlamına gəlmir. Süni intellekt bir sistemdir və müəyyən mənada insanın neyron şəbəkələrinin fəaliyyət prinsipindən ilhamlanaraq yaradılıb. Buna görə də onun cavablarında da səhvlər ola bilər. Məsləhətim odur ki, insanlar bir neçə süni intellekt alətindən istifadə edərək cavabları müqayisə etsinlər. Məsələn, ChatGPT-yə verdikləri sualı Gemini, Claude və Perplexity platformalarına da ünvanlasınlar. Bu alətlərdən əldə olunan cavabları müqayisə etmək, məlumatları mənbələr əsasında yoxlamaq və məntiqi təhlil aparmaq daha düzgün nəticəyə gəlmək üçün məqsədəuyğun yanaşmadır".


