Bu ilin ikitərəfli əməkdaşlıq planı çərçivəsində Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, səfər çərçivəsində XTQ-nin komandanı general-mayor Ələkbər Cahangirov ilə görüşdə qırğızıstanlı qonaqlara qüvvələr haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Nümayəndə heyətinin rəhbəri, öz növbəsində, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında mümkün əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.
Tədbirdən sonra qonaqlara XTQ-nin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib.
Sonda nümayəndə heyəti xüsusi təyinatlıların döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyib.


