Özəl Cəmiyyət

Mənəvi zərərin qiyməti necə müəyyənləşir? — Vəkil açıqladı

Mənəvi zərərin qiyməti necə müəyyənləşir? — Vəkil açıqladı

Məhkəmə mübahisələrində maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblər irəli sürülür. Lakin xüsusilə mənəvi zərərlə bağlı iddialarda tələb olunan məbləğin hansı meyarlar əsasında müəyyənləşdirilməsi bəzən mübahisə doğurur. Zərərçəkmiş şəxsin tələb etdiyi məbləğlə məhkəmənin əsaslı hesab etdiyi təzminat arasında fərq yarana bilər.

Əsassız yüksək məbləğ tələb edən tərəfin iddiasına necə baxılır?

Demokrat.az-a bu barədə danışan vəkil Vüsalə Muradxanlı bildirib ki, məhkəmə mübahisələrində maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblər irəli sürülə bilər:

"Lakin bu tələblər irəli sürülərkən məbləğ sadəcə tərəfin şəxsi istəyi ilə müəyyən edilmir. Xüsusilə mənəvi zərər üzrə məhkəmə tələb olunan məbləği avtomatik qəbul etmir, işin konkret hallarını qiymətləndirir. Maddi zərərdə əsas məsələ sübutdur. Şəxs hansı real zərərə məruz qaldığını, hansı xərcləri çəkdiyini, gəlir itkisi olub-olmadığını sənədlərlə əsaslandırmalıdır. Məsələn, müqavilə, qəbz, ödəniş sənədi, ekspert rəyi və digər sübutlar təqdim edilməlidir.Mənəvi zərər isə daha fərqli qiymətləndirilir. Burada şəxsin keçirdiyi mənəvi sarsıntı, iztirab, nüfuzuna, şərəf və ləyaqətinə, şəxsi və ailə həyatına təsir, pozuntunun xarakteri, davametmə müddəti, nəticələrinin ağırlığı və qarşı tərəfin təqsiri nəzərə alınır. Ali Məhkəmənin 2008-ci il Plenum qərarında da mənəvi zərər şəxsin hüquqlarının pozulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və iztirab kimi izah olunur.

Eyni zamanda, məhkəmə təzminatın məbləğini müəyyən edərkən ağlabatanlıq və ədalətlilik meyarlarını əsas götürməlidir. Yəni tələb olunan məbləğ nə cəza xarakteri daşımalı, nə də əsassız varlanma vasitəsinə çevrilməlidir. Cinayət mühakimə icraatında mənəvi zərər üzrə məbləğin müəyyənləşdirilməsində də zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, keçirdiyi iztirabların xarakteri, təqsirin dərəcəsi və digər hallar nəzərə alınmalı, məbləğ ağlabatan və ədalətli olmalıdır.

Əgər tərəf əsassız yüksək məbləğ tələb edirsə, bu, iddianın tamamilə rədd edilməsi demək deyil".

Vəkil əlavə edib ki, məhkəmə zərərin mövcudluğunu müəyyən edərsə, tələb olunan məbləği azalda və işin hallarına uyğun daha əsaslı hesab etdiyi məbləğdə təzminat təyin edə bilər:

"Məsələn, şəxs 100 min manat mənəvi zərər tələb edə bilər, lakin məhkəmə pozuntunun xarakterini, sübutları və nəticələri qiymətləndirərək daha aşağı məbləğ müəyyən edə bilər. Burada əsas məsələ tələb edilən rəqəmin emosional deyil, hüquqi və faktiki əsaslarla izah olunmasıdır.

Qısa desək, mənəvi zərər "nə qədər istəyirəmsə, o qədər də ödənilməlidir" prinsipi ilə müəyyən olunmur. Tərəf zərərin baş verdiyini, onun nəticələrini və tələb etdiyi məbləğin niyə ağlabatan olduğunu əsaslandırmalıdır. Yekun məbləği isə məhkəmə işin bütün hallarını nəzərə alaraq müəyyən edir".

FH
Fidan Hacızadə
Müxbir