Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov dünyasını dəyişib.
Məlumata görə, 62 yaşlı M.Cavadov sentyabrın 13-də Bakıda dostları ilə restoranda olduğu zaman yıxılaraq başından ağır xəsarət alıb.
Hadisədən sonra Sabunçu Tibb Mərkəzinə yerləşdirilən keçmiş hərbçi ağır kəllə-beyin travması səbəbindən komaya düşüb. O, təxminən bir ay davam edən müalicədən sonra komadan ayılsa da, sonradan daxili orqanlarında yaranan problemlər səbəbindən həyatını itirib.
Məhəddin Cavadov bu gün Bakıda dəfn olunub.
Qeyd edək ki, M.Cavadov hərbi xidmətə SSRİ Silahlı Qüvvələrinin Qərb qruplaşmasının tərkibində, Macarıstanda başlayıb. Xidmətdə fərqləndiyinə görə Yaroslavl Hərbi Maliyyə-İqtisadi Akademiyasında təhsil almağa göndərilib.
Akademiyanı bitirdikdən sonra Latviyada maliyyə rəisi və hərbi bank müdiri vəzifələrində çalışıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin çağırışına qoşularaq Latviyadan Azərbaycana qayıdıb.
Vətənə qayıtdıqdan sonra Müdafiə Nazirliyinin maliyyə xidmətində müfəttiş və digər vəzifələrdə işləyib. Uzun illər Hərbi Hava Qüvvələrində xidmət edən M.Cavadov general-mayor Altay Mehdiyevin komandanlığı dövründə HHQ-nin maliyyə idarəsinin rəisi olub. Daha sonra ehtiyata buraxılıb.
Hərbi xidmətdən ayrıldıqdan sonra da fəaliyyətini davam etdirən Məhəddin Cavadov mülki şəxs kimi Əlahiddə Ümumqoşun Orduda və Müdafiə Nazirliyinin müxtəlif strukturlarında çalışıb.(ölkə.az)


