Özəl Cəmiyyət

Ağ xalat səhvi örtmür — Qanun nə deyir?

Ağ xalat səhvi örtmür — Qanun nə deyir?

Cərrahi əməliyyatlar zamanı baş verən ağırlaşmalar bəzən pasiyentin ölümü ilə nəticələnə bilər. Belə hallarda ölümün tibbi risklərdən, yoxsa həkimin peşə səhvindən qaynaqlandığının müəyyən edilməsi hüquqi baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bəs əməliyyat zamanı cərrahın səhvi nəticəsində pasiyent həyatını itirərsə, həkim hansı hallarda cinayət məsuliyyətinə cəlb oluna bilər? Tibbi səhvlə ölüm arasında səbəbli əlaqə necə müəyyən edilir və bu zaman hansı hüquqi meyarlar əsas götürülür?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, cərrahın əməliyyat zamanı yol verdiyi peşə səhvi nəticəsində pasiyentin həyatını itirməsi həkimin cinayət, mülki-hüquqi və intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər.

Ağ xalat səhvi örtmür — Qanun nə deyir?

Onun sözlərinə görə, həkimin cinayət məsuliyyəti o halda yaranır ki, onun peşə vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, ehtiyatsızlığı və ya tibbi standartları pozması ilə pasiyentin ölümü arasında birbaşa səbəbli əlaqə müəyyən edilsin:

"Əməlin konkret hallarından asılı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq normaları, o cümlədən 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və yaxud da 142.4-cü (Tibbi xidmətin göstərilməsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri tətbiq oluna bilər. Səbəbli əlaqənin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılır. Ekspertiza zamanı əməliyyatın gedişi, tibbi sənədlər, tətbiq edilmiş müalicə üsulları, həkimin qərarlarının tibbi standartlara uyğunluğu və ölümün bilavasitə səbəbi araşdırılır. Həkimin hərəkəti və ya hərəkətsizliyi ilə ölüm arasında obyektiv əlaqənin mövcudluğu qiymətləndirilir.

Hüquqi məsuliyyətin müəyyənləşdirilməsində əsas meyarlar həkimin peşə vəzifələrini pozması, təqsirinin mövcudluğu, baş vermiş nəticənin qabaqcadan görülə bilməsi, qarşısının alınması imkanları və səbəbli əlaqənin sübuta yetirilməsidir. Beləliklə, əməliyyat zamanı pasiyentin ölümü özlüyündə həkimin təqsirli olması demək deyil. Cinayət məsuliyyəti yalnız qanunla nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri sübuta yetirildikdə yaranır. Cinayət məsuliyyətindən asılı olmayaraq, qanuni əsaslar olduqda mülki-hüquqi və intizam məsuliyyəti də tətbiq edilə bilər".