Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyi (İB) arasında Azərbaycan Ordusunun şəxsi heyəti arasında vərəm və yuxarı tənəffüs yollarının digər xəstəliklərinin profilaktikası istiqamətində əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, memoranduma əsasən tərəflər arasında profilaktik maarifləndirmə, sağlamlıqla bağlı məlumatlılığın artırılması və xəstəliklərin qarşısının alınmasında birgə fəaliyyətin əsas istiqamətləri müəyyən edilib.
Əməkdaşlıq çərçivəsində hərbi qulluqçular arasında vərəmin əsas xüsusiyyətləri, mümkün əlamətləri, yoluxma yolları və profilaktik tədbirlər barədə maarifləndirmənin aparılması, həmçinin yuxarı tənəffüs yollarının digər xəstəliklərindən qorunma ilə bağlı məlumatlılığın artırılması nəzərdə tutulur.
Qeyd edək ki, memorandum dövlət qurumu ilə vətəndaş cəmiyyəti arasında sağlamlığın qorunması və xəstəliklərin profilaktikası sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir.


