Son illərdə gənclər arasında döymə və fərqli geyim tərzinə maraq artıb. Bu tendensiya şəxsi seçimlərlə yanaşı, cəmiyyətdə dəyişən dəyərlər, sosial mühit və gənclərin özünüifadə formaları ilə də əlaqələndirilir.
Bu seçimlər gənclərin dünyagörüşündə hansı dəyişiklikləri əks etdirir?
Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında bildirib ki, insanın geyim tərzi bir çox hallarda onun dünyagörüşünü əks etdirir. İstisnalar olsa da, ümumilikdə belə bir tendensiya var.
Onun sözlərinə görə, bu xüsusiyyətlər bir gəncdə müşahidə olunursa, bu, onun dünyagörüşünün həddindən artıq liberal, azad və çərçivəsiz formada formalaşdığını göstərə bilər:
"Yəni həmin insan müəyyən çərçivələri qəbul etmir, tamamilə azad olmaq istəyir. Belə gənclər bir çox hallarda Azərbaycan mədəniyyətinə və adət-ənənələrinə də fərqli yanaşır, hətta öz milli dəyərlərimizi bəyənmirlər. Bu, vacib məsələdir. Onlar xaricə köçmək, orada yaşamaq istəyir, qohum-əqrəbadan uzaq durmağa çalışırlar. Bu, özünəməxsus psixoloji yanaşmadır və müəyyən mənada yad mədəniyyətin, xüsusilə də müasir Qərb mədəniyyətinin təsiri ilə əlaqələndirilə bilər. Bəzi gənclər məhz bu cür geyim tərzinə və həyat modelinə üstünlük verir, bu istiqamətə meyil göstərirlər. Bəs nə etməliyik? Hüquqi baxımdan heç kimin onların seçiminə müdaxilə etmək və ya buna qadağa qoymaq hüququ yoxdur. Hər kəs öz seçimində azaddır. Sadəcə, milli mədəniyyətimizə və adət-ənənələrimizə hörmətlə yanaşmaları daha yaxşı olardı. Məncə, insan öz köklərindən qopmamalıdır".


