Şou-biznes

"Öz ailəmdə də hicab taxanlar var"

Öz ailəmdə də hicab taxanlar var

Son dövrlər məktəblərdə vahid geyim forması ilə bağlı ortaya atılan müzakirələrə və məktəb qarşısında baş verən hadisələrə tanınmış jurnalist, əməkdar jurnalist Xoşqədəm Hidayətqızı sərt reaksiya bildirib.

Demokrat.az musavat.com-a istinadla xəbər verir ki, "Açıq Tribuna" verilişində qonaq olan Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydalarının tətbiqinin zəruriliyindən danışıb və bu məsələnin süni şəkildə şişirdilməsinin yolverilməz olduğunu vurğulayıb:

"Bu gün azyaşlılarımız, məktəblilərimiz məktəbin qaydalarına əməl etməyə borcludurlar. Sabah həddi-buluğ yaşına çatacaq, qərar vermək yaşına gələcək – heç kim ona deyə bilməz ki, sən necə geyin, bu, onun azad fikri olacaq. Öz ailəmdə də hicab taxanlar var, heç kim onlara mane olmur, sərbəstdirlər. Amma məktəblinin vahid formada geyinməsi tələb olunursa, bu, müzakirə obyekti olmamalıdır. Dünən məktəbin qarşısında yaşananlara çox üzülürəm. Bu qərar heç kimin dini baxışlarına yönəlməyib, sırf məktəbdə vahid geyim formasının tətbiqidir."

Jurnalist qeyd edib ki, vahid forma uşaqlar arasında bərabərliyin qorunması, psixoloji rahatlıq və məktəb nizam-intizamının formalaşması üçün əsas şərtlərdən biridir:

"Təsəvvür edin, biri daha bahalı geyimdə gəlir, digəri isə özünü çətin vəziyyətdə hiss edir. Dövlətimiz məktəbli formasını tətbiq etməklə uşaqlar arasında həsəd aparmağın, paxıllığın qarşısını alır. Valideynlərdən xahiş edirəm ki, uşaqların təhsili ilə məşğul olsunlar, onları savadlı olmağa yönəltsinlər. Qızlarımız güclü, savadlı olmalıdırlar ki, gələcəkdə öz qərarlarını sərbəst verə bilsinlər."

Xoşqədəm Hidayətqızı çıxışının sonunda hər kəsi dövlətçiliyə və qanunlara hörmətlə yanaşmağa, qalib Azərbaycanın dəmir yumruğu ətrafında sıx birləşməyə çağırıb.

Editor
Redaktor