Özəl Cəmiyyət

Vəfat edən şəxsin bank borcu kimə qalır?

Vəfat edən şəxsin bank borcu kimə qalır?

Bəzi hallarda vətəndaşın vəfat etməsindən sonra bank qarşısında qalan kredit borcunun kim tərəfindən ödənilməli olduğu məlum olmur. Xüsusilə, mərhumun ailə üzvlərinin kreditə zamin olmadığı və borcu ödəməyə maddi imkanlarının çatmadığı vəziyyətlərdə məsuliyyət məsələsi ön plana çıxır.

Belə hallarda bank borcu kimdən tələb edə bilər?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bankdan kredit götürmüş şəxs öhdəliyini yerinə yetirmədən dünyasını dəyişərsə, bu halda həmin kredit müqaviləsi üzrə qüvvədə olan zaminlik müqaviləsinin olub-olmaması məsələsi aydınlaşdırılmalıdır.

Vəfat edən şəxsin bank borcu kimə qalır?

Onun sözlərinə görə, əgər bank krediti verərkən başqa bir şəxs zamin kimi çıxış edibsə və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada zaminlik müqaviləsi imzalanıbsa, bank borcun tutulmasını zaminə yönəldə bilər:

"Yəni zaminlik müqaviləsi ondan ibarətdir ki, şəxs hər hansı səbəbdən öhdəliyini yerinə yetirə bilmədikdə, zamin həmin öhdəliyi yerinə yetirməyi öz üzərinə götürür. Əgər kredit müqaviləsi üzrə zamin yoxdursa, yəni belə bir hal müəyyən edilməyibsə, bank borcun tutulmasını vəfat etmiş şəxsin vərəsələrinə yönəldə bilər. Bu halda mirası qəbul etmiş vərəsələr həmin şəxsin borclarını qəbul etdikləri mirasın həcmi həddində ödəməyə borcludurlar. Məsələn, şəxsin banka 10 000 manat borcu varsa, lakin ondan vərəsələrinə 5 000 manatlıq miras qalıbsa, vərəsələr yalnız həmin məbləğ həddində borcu ödəməyə borcludurlar. Yəni borcun məbləği mirasın dəyərindən çox olduqda, vərəsələr mirasın dəyərini aşan hissəni ödəməyə borclu deyillər. Əgər zamindən tutulma baş verərsə, zamin həmin məbləği ödədikdən sonra vəfat etmiş şəxsin vərəsələrinə qarşı məhkəmədə iddia qaldıra və ödədiyi məbləği reqres qaydasında onlardan tələb edə bilər".

FH
Fidan Hacızadə
Müxbir