Azərbaycanda ailə biznesi qurmaq istəyənlərin sayı artsa da, düzgün fəaliyyət sahəsinin seçilməsi və məhdud maliyyə imkanları ilə bazarda mövqe qazanmaq sahibkarlar üçün əsas çağırışlardan biri olaraq qalır. Xüsusilə kiçik kapitalı olan vətəndaşlar üçün həm ilkin xərcləri az, həm də gəlir əldə etmək potensialı yüksək olan sahələrin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.
Bəs Azərbaycanda ailə biznesi qurmaq üçün hansı sahələr daha perspektivlidir? Kiçik sərmayə ilə hansı istiqamətlərdə rəqabət aparmaq və davamlı gəlir əldə etmək mümkündür?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında biznes eksperti İlkin Mirzəzadə bildirib ki, ailə biznesi qurmaq üçün bir neçə perspektivli istiqamət var.

Onun sözlərinə görə, qida istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, turizm və elektron ticarət ailə biznesi üçün perspektivli sahələr sırasındadır:
"Amma ailə biznesində əsas məsələ sahədən çox ailə üzvləri arasında iş bölgüsünün düzgün qurulmasıdır. Çünki ailə bizneslərində çox vaxt, yəni şəxsi münasibətlərlə iş münasibətləri qarışa bilir. Ona görə də yəni kim hansı işə cavabdehtir, maliyyə necə idarə olunacaq, idarəetmə necə olacaq o, mütləq surətdə əvvəlcədən müəyyənləşməlidir. Kiçik kapital ilə hansı sahələrdə rəqabət aparmaq olar? İlk növbədə xidmət sektorunu qeyd etmək olar. Çünki böyük investisiya olmadan da bu xidmət sektorunda fəaliyyət göstərmək olar. Misal üçün, məsləhət xidmətləri, təlim xidmətləri, rəqəmsal marketinq, dizayn və sair.
İkinci istiqamət elektron ticarət ola bilər. Misal üçün, kiçik həcmdə satışa başlayaraq, tələbat artdıqca anartıq biznesi böyütmək mümkün ola bilər. Üçüncü də insanların gündəlik ehtiyaclarına yönəlmiş kiçik biznes xidmətləri ola bilər. Amma bir şey də vurğulamaq lazımdır ki, kiçik kapitalla yəni biznes qurursunuzsa, böyük şirkətlərlə qiymət, yəni reklam mübarizəsi aparmaq çox çətindir. Ona görə də niş kateqoriya üzrə konkret bir kateqoriya seçib, yəni müəyyən bir kateqoriyaya xitab eləmək daha yaxşıdır. Yəni ümumilikdə biznesə başlayanda məqsəd böyük pul qazanmaq yox, işlək modeli tapmalısınız ki, biznes işləməlidir. Yəni tələbat yaransın, müştəri ödəsin, xərclərdən sonra mənfəət yaranılsın, ondan sonra miqyaslaşdırmaq olar, daha böyütmək olar".


