Özəl Avto

Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək

Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək

Avtonom idarəetmə sistemlərinə malik avtomobillər sürücülərin işini asanlaşdırmaq və yol hərəkətinin təhlükəsizliyini artırmaq məqsədi daşıyır. Lakin bu texnologiyaların tətbiqi yol nişanlarının vəziyyəti, yol infrastrukturu, nəqliyyat sıxlığı və sistemlərin gözlənilməz hallara reaksiyası ilə bağlı bir sıra suallar yaradır.

Bəs mövcud yol infrastrukturu avtonom avtomobillərin təhlükəsiz hərəkəti üçün nə dərəcədə əlverişlidir? Bu sistemlər qəza riskini azalda biləcəkmi, yoxsa müəyyən hallarda əlavə təhlükələr yarada bilər?

Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında deyib ki, avtonomla bağlı məsələni bütün ərazilərə şamil etmək mümkün deyil.

Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək

Onun sözlərinə görə, belə sistemlərin istifadəsi üçün konkret zonalar müəyyənləşdirilməlidir:

"Çünki avtonom idarəetmə üçün bütün zəruri şərait yaradılmalıdır. Məsələn, yol zolaqları kifayət qədər dəqiq olmalı, bütün yol nişanları aydın görünməlidir ki, avtomobil hər hansı bir göstərişi yanlış icra etməsin. Azərbaycanda avtonom idarəetmə ilə bağlı konkret qaydalar hələlik təsdiqlənməyib. Bununla belə, bu anlayış artıq qanunvericiliyə daxil edilib və müvafiq məsələlərin tənzimlənməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə olunub. Onlar müəyyən edəcəklər ki, avtonom idarəetmə hansı avtomobillərdə, hansı şərtlərlə və hansı yollarda tətbiq oluna bilər. İlk növbədə konkret bir zona müəyyənləşdiriləcək və həmin ərazidə avtonom idarəetmənin tətbiqinə icazə veriləcək.

Avtonom idarəetmə dedikdə, ümumiyyətlə, sürücünün olmadığı avtomobillər də nəzərdə tutulur. Bir var ki, avtomobildə sürücü olur və avtonom rejimi aktivləşdirir, bir də var ki, avtomobildə ümumiyyətlə sürücü olmur. Məsələn, ABŞ-də və bir sıra digər ölkələrdə vətəndaşın taksi sifariş etdiyi, lakin avtomobildə sürücünün olmadığı halları görmüşük. Belə avtomobillər tam avtonom rejimdə hərəkət edir. Onların ətrafında 360 dərəcə görüntü əldə etməyə imkan verən kameralar və müxtəlif sensorlar olur. Bu sistemlər avtomobilə harada dayanmaq, necə hərəkət etmək, maneələri, svetoforları və yol zolaqlarını necə müəyyənləşdirmək, eləcə də parklanmanı necə həyata keçirmək barədə məlumat verir.

Bəzi avtomobillərdə avtonom sürüş funksiyası mövcuddur və xaricdə sürücülər bundan istifadə edirlər. Məsələn, sürücü həmin rejimi aktivləşdirir və avtomobil tıxacda qarşıdakı nəqliyyat vasitəsinə uyğun olaraq özü yavaş hərəkət edir, dayanır və yenidən hərəkətə başlayır. Lakin hazırkı halda belə sistemlərdən istifadə edilərkən məsuliyyət yenə sürücünün üzərində qalır. Bəs avtomobildə ümumiyyətlə sürücü olmadıqda məsuliyyət necə müəyyən ediləcək? Bu halda artıq bütün detallar qanunvericiliklə dəqiq tənzimlənməlidir".

Ekspert əlavə edib ki avtomobillərdə istifadə olunan kruiz-kontrol sistemi sürücülərə müəyyən edilmiş sürəti sabit saxlamağa imkan verir:

"Müasir avtomobillərdə isə bu sistemin daha təkmil versiyaları mövcuddur ki, onlar qarşıdakı nəqliyyat vasitəsinin hərəkətini nəzərə alaraq sürəti avtomatik tənzimləyə bilir. Belə ki, sürücü avtomobili kruiz-kontrol rejimində 90 km/saat sürətlə hərəkət etmək üçün tənzimlədikdə, qarşıdakı avtomobil daha aşağı sürətlə, məsələn, 70 km/saatla hərəkət edirsə, adaptiv kruiz-kontrol sistemi məsafəni qorumaq üçün sürəti avtomatik azalda bilər. Qarşıdakı nəqliyyat vasitəsi uzaqlaşdıqda və yol şəraiti imkan verdikdə isə avtomobil əvvəlcədən müəyyən edilmiş sürətə qədər yenidən sürətlənə bilər.

Bununla belə, kruiz-kontrol sisteminin mövcudluğu sürücünün diqqətini yoldan yayındırmasına əsas vermir. Sürücü hər zaman sükan arxasında olmalı, yol şəraitini izləməli və zərurət yarandıqda avtomobilin idarə edilməsinə dərhal müdaxilə etməlidir. Əgər avtomobildə adaptiv kruiz-kontrol funksiyası yoxdursa, sistem qarşıdakı nəqliyyat vasitəsinin sürətinə uyğunlaşmaya bilər. Belə hallarda sürücü sürət fərqini nəzərə almalı və təhlükəsiz hərəkəti təmin etmək üçün vaxtında tədbir görməlidir.

Sürücü əyləc pedalına basdıqda isə kruiz-kontrol sistemi, bir qayda olaraq, deaktiv olur və avtomobilin idarə edilməsi yenidən sürücünün birbaşa nəzarətində davam edir. Buna görə də bu sistem sürücünün işini asanlaşdırsa da, avtomobili bütün hallarda müstəqil idarə edən avtonom texnologiya hesab edilmir.

Avtonom sürüş isə kruiz-kontroldan fərqli anlayışdır. Bu texnologiya avtomobilin müəyyən və ya daha geniş şərtlər daxilində hərəkət və idarəetmə funksiyalarını öz üzərinə götürməsini nəzərdə tutur. Belə sistemlərə malik avtomobillər mövcud olsa da, onların hansı şəraitdə və hansı hüquqi çərçivədə istifadə edilə biləcəyi ayrıca tənzimləmə tələb edir.

Əsas məqamlardan biri də qəza baş verdiyi halda məsuliyyət məsələsidir. Sürücü avtomobilin kruiz-kontrol rejimində hərəkət etdiyini əsas gətirərək məsuliyyətdən avtomatik şəkildə azad oluna bilməz. Hadisənin səbəbləri və məsuliyyətin kimə aid olduğu konkret vəziyyət, qüvvədə olan qanunvericilik və sübutlar əsasında müəyyənləşdirilir. Buna görə də sürücülər yardımçı idarəetmə sistemlərindən istifadə edərkən diqqətli olmalı və avtomobil üzərində nəzarəti itirməməlidirlər".