Sağlamlıq Özəl

"100% təbii" yazısı sizi aldatmasın — Qida ekspertindən həmin məhsullarla bağlı xəbərdarlıq

100% təbii yazısı sizi aldatmasın — Qida ekspertindən həmin məhsullarla bağlı xəbərdarlıq

Son illərdə, xüsusilə qadınlar arasında arıqlamaq məqsədilə müxtəlif çay, qəhvə və kapsul formasında təqdim olunan bioloji aktiv qida məhsullarına maraq artıb.

Arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsulları ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı ciddi qanun pozuntuları müəyyən edilib.

Belə məhsulların qanunsuz dövriyyəsinin qarşısını almaq üçün hansı tədbirlərin görülməsi vacibdir?

Qida mütəxəssisi Fərid Səfərov Demokrat.az-a açıqlamasında söyləyib ki, belə məhsulların qanunsuz dövriyyəsinin qarşısını almaq üçün ilk növbədə nəzarət tədbirləri davamlı və sistemli şəkildə həyata keçirilməlidir.

Onun sözlərinə görə, sosial şəbəkələr və onlayn platformalar vasitəsilə mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməyən və tərkibi barədə etibarlı məlumat verilməyən məhsulların satışına qarşı ciddi tədbirlər görülməlidir:

“Eyni zamanda istehlakçıların maarifləndirilməsi də böyük əhəmiyyət daşıyır. Vətəndaşlar bilməlidirlər ki, "100% təbii", "qısa müddətdə zəmanətli arıqlama", "yan təsirsiz sürətli nəticə" kimi iddialar əksər hallarda elmi əsasa söykənmir və belə məhsullar sağlamlıq üçün ciddi risk yarada bilər. Bəzi hallarda bu məhsulların tərkibində etiketdə göstərilməyən, hətta istifadəsi qadağan olunmuş dərman maddələri də aşkarlana bilir”.

Qida mütəxəssisi istehlakçıların bioloji aktiv qida əlavələrini yalnız rəsmi satış məntəqələrindən almalı olduğunu, məhsulun dövlət qeydiyyatının olub-olmadığını, etiket məlumatlarını, istehsal və son istifadə tarixini mütləq yoxlamalı olduğunu vurğulayıb:

“Arıqlamaq üçün hər hansı əlavə qəbul etməzdən əvvəl isə mütləq həkim və ya qidalanma üzrə mütəxəssislə məsləhətləşmək lazımdır. Unutmaq olmaz ki, sağlam və davamlı çəki azalmasının əsas yolu balanslı qidalanma, fiziki aktivlik və sağlam həyat tərzidir. Heç bir çay, qəhvə və ya kapsul sağlam həyat tərzini əvəz edə bilməz”.

Fidan Hacızadə

D
demokrat.az