Yuxu insan orqanizminin sağlam fəaliyyəti üçün həyati əhəmiyyət daşıyan əsas bioloji ehtiyaclardan biridir. Son illərdə aparılan araşdırmalar göstərir ki, yuxusuzluq təkcə gündəlik yorğunluq və diqqət dağınıqlığı yaratmır, eyni zamanda bir sıra ciddi xəstəliklərin yaranma riskini də artırır. Araşdırmalara görə, uzunmüddətli yuxu pozuntuları ürək-damar xəstəlikləri, şəkərli diabet, piylənmə və psixoloji problemlərlə birbaşa əlaqəlidir. Müasir həyat tərzi, stress və texnologiyadan həddindən artıq istifadə isə yuxu keyfiyyətinə mənfi təsir göstərən əsas amillər sırasındadır.
Bəs yuxusuzluq orqanizmdə hansı dəyişikliklərə səbəb olur və sağlamlığımız üçün hansı təhlükələri yaradır?
Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, yuxu son dərəcə vacib amildir və bunu heç kim kiçik məsələ kimi qəbul etməməlidir:
“Çünki yuxu hormonal prosesdir, hormonların əsas ifraz olunma dövrü məhz gecə saatlarına təsadüf edir. Xüsusilə gecə saat 2:00–4:00 aralığında orqanizmdə mühüm hormonal proseslər baş verir. Bu səbəbdən həmin saatlarda yuxuda olmaq olduqca vacibdir. Məhz bu zaman ifraz olunan melatonin hormonu orqanizmin sabitliyinin qorunmasında mühüm rol oynayır. Bundan əlavə, böyümə hormonu olan somatotropin də ifraz olunur. Bunlar insan sağlamlığı üçün son dərəcə əhəmiyyətli nüanslardır və əsla diqqətdən kənarda qalmamalıdır”.
Həkimin sözlərinə görə, yuxusuzluq müxtəlif sağlamlıq problemlərinə də səbəb ola bilər:
“Bu, nevroloji pozuntulara, ürək-damar xəstəliklərinə yol aça, eyni zamanda immun sisteminə birbaşa mənfi təsir göstərə bilər. Buna görə də hər kəsə gün ərzində minimum 6 saat, ideal halda isə stabil 8 saat yuxu tövsiyə olunur. Hətta bir iş adamı olaraq rahatlıqla deyə bilərəm ki, 24 saatın 20 saatını işləyib cəmi 4 saatını yuxuya ayıran insan heç vaxt uzunmüddətli və yüksək məhsuldarlıq göstərə bilməz.
Bir müddət sonra orqanizm, xüsusilə də sinir sistemi tükənməyə başlayır. Nəticədə nə işdə səmərəlilik qalır, nə də sağlam düşüncə və zehni fəaliyyət. Buna görə də bu problemlərdən uzaq olmaq üçün stabil və keyfiyyətli yuxuya xüsusi diqqət yetirmək lazımdır”.


