Yay mövsümünün ən qızğın dövründə istirahət üçün bölgələrə üz tutanların sayının artması hotellərdə və istirahət mərkəzlərində qiymətlərin də yüksəlməsinə səbəb olur. Xüsusilə həftəsonları müşahidə edilən bu qiymət fərqi bir çox vətəndaşın büdcəsinə təsir göstərir. Bəs qiymət artımının əsas səbəbi nədir və daha sərfəli istirahət üçün hansı seçimlər etmək olar?Turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, yay aylarında, xüsusilə də həftəsonları turizm obyektlərinə tələbatın kəskin artması qiymət siyasətinə birbaşa təsir edir: Onun sözlərinə görə, həftəsonu yerləşmə tarifləri əksər hallarda həftəiçi qiymətlərlə müqayisədə 10–30 faiz daha yüksək olur:"Bəzi hotellər həftəsonu üçün ən azı iki gecəlik rezervasiya şərti tətbiq edir. Bundan əlavə, rezervasiyanın son günlərə saxlanılması da qiymətlərin daha yüksək olmasına səbəb ola bilər. Həftəiçi günlərdə həm doluluq səviyyəsi aşağı olur, həm də istirahət etmək daha münasib qiymətə başa gəlir. Erkən bron imkanlarından yararlanmaq və endirim kampaniyalarını izləmək xərcləri əhəmiyyətli dərəcədə azaltmağa kömək edir. Həmçinin, məşhur turizm məkanları ilə yanaşı, xidmət keyfiyyəti yüksək olan, lakin daha az tanınan alternativ istiqamətlərin də nəzərdən keçirilməsi məqsədəuyğundur”.Ekspertin sözlərinə görə, həftəsonu qiymətləri həftəiçi ilə müqayisədə 10-30 faiz daha baha olur. Hətta bəzi hotellər həftəsonu üçün minimum iki gecəlik bron tələbi qoyur. Otaqları son günlərə saxlamaq da xərcləri artırır. Həftəiçi günlərdə isə həm sıxlıq az olur, həm də istirahət daha ucuza başa gəlir. Xərcləri azaltmaq üçün erkən bron imkanlarından yararlanmaq, endirimləri izləmək və az tanınan alternativ məkanlara üstünlük vermək tövsiyə olunur.Leyla Turan demokrat.az
Fərdi yaşayış evi tikmək istəyən şəxslərin böyük əksəriyyəti hələ də maneələrlə qarşılaşacağını, tikintiyə başlamaq üçün mütləq icazə sənədi almaq məcburiyyətində olduğunu düşünür. Lakin mövcud qanunvericilik müəyyən parametrlərə cavab verən evlərin inşası zamanı prosedurları xeyli sadələşdirib. Belə ki, standart ölçülərdə fərdi ev tikərkən uzun-uzadı icazə almaq yox, sadəcə aidiyyəti qurumu məlumatlandırmaq kifayətdir.Bu barədə hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlama verib.“Məsələ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsi ilə tənzimlənir. Əgər tikiləcək fərdi yaşayış evinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox deyilsə, xüsusi tikinti icazəsi almağa ehtiyac qalmır. Bu zaman sadələşdirilmiş məlumatlandırma mexanizmi işə düşür”.Prosesin icra mexanizminə toxunan ekspert vurğulayıb ki, vətəndaş öncə tikintinin layihəsini hazırlamalı və müvafiq müraciət məktubu ilə yerli icra hakimiyyəti orqanına təqdim etməlidir.“Vətəndaş müraciət məktubuna tikinti layihəsini əlavə edərək müvafiq icra hakimiyyətinə təqdim edir və ev tikmək niyyəti barədə rəsmi məlumat verir. Burada ən vacib məqam müddətdir. Əgər 10 iş günü ərzində icra orqanı tərəfindən layihəyə heç bir rəsmi irad bildirilməzsə, vətəndaş tam hüquqi əsasla tikintiyə başlaya bilər”.Ramil Süleymanovun sözlərinə görə, qurum tərəfindən müəyyən uyğunsuzluqlar tapıldıqda da proses dayanmır.“Əgər layihədə hər hansı irad olarsa, bu, vətəndaşa yazılı şəkildə əsaslandırılaraq çatdırılır. Sənədlərdəki və ya layihədəki iradlar aradan qaldırıldıqdan sonra fərdi yaşayış evinin tikintisinə başlamaq üçün heç bir hüquqi maneə qalmır”.Leyla Turan demokrat.az
Azərbaycanda müəllimlərin işə qəbul qaydalarının dəyişdirilməsi ilə bağlı müzakirələr davam edir. Səsləndirilən təkliflərdən biri də pedaqoji ixtisas üzrə təhsil alan tələbələrin universitetin son kursunda verdikləri yekun imtahanın nəticələrinə əsasən birbaşa işlə təmin olunmasıdır.Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, bu model nəzəri baxımdan tətbiq oluna bilər:“Lakin onun reallaşdırılması üçün qanunvericilikdə və müəllimlərin işə qəbulu sistemində ciddi dəyişikliklər edilməlidir. Hazırda Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinə müəllim qəbulu əsasən mərkəzləşdirilmiş müsabiqə, yəni Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı vasitəsilə həyata keçirilir. Universiteti bitirmək müəllim kimi birbaşa işə qəbul olunmaq hüququ vermir. Buna görə də ali məktəbin son kursunda keçirilən yekun imtahanın MİQ-i əvəz etməsi üçün müvafiq normativ-hüquqi baza yenilənməlidir. Bu modelin bir sıra üstünlükləri ola bilər. İlk növbədə, universitet təhsilinin keyfiyyətinə maraq arta bilər. Çünki yekun imtahanın nəticəsi məzunların məşğulluğuna birbaşa təsir göstərəcək. Eyni zamanda, məzunlar əlavə qəbul imtahanına hazırlaşmaq məcburiyyətində qalmayacaqlar. Müəllim çatışmazlığı olan bölgələrin kadr təminatını daha operativ şəkildə həyata keçirmək də mümkün ola bilər”.O deyib ki, bununla yanaşı, müəyyən çətinliklər də mövcuddur:“Müxtəlif ali təhsil müəssisələrində qiymətləndirmə meyarlarının eyni səviyyədə olmaması ədalətliliklə bağlı suallar yarada bilər. Buna görə də yekun imtahan vahid milli standartlar əsasında təşkil edilməli və onun etibarlılığı təmin olunmalıdır. Bundan başqa, məktəblərdəki vakant yerlərin sayı ilə məzunların sayı hər zaman üst-üstə düşməyə bilər. Belə olan halda, məzunların hansı məktəblərə təyin ediləcəyini müəyyənləşdirən ayrıca və şəffaf mexanizmin hazırlanmasına ehtiyac yaranacaq. MİQ imtahanı yalnız namizədin fənn biliyini deyil, müəyyən dərəcədə peşə səriştəsini, o cümlədən kurikulum üzrə hazırlığını da qiymətləndirir. Əgər son kurs yekun imtahanı MİQ-i əvəz edəcəksə, həmin imtahan da bu funksiyaları tam şəkildə yerinə yetirməlidir. Beynəlxalq təcrübədə buna bənzər yanaşmalar mövcuddur. Bəzi ölkələrdə pedaqoji ixtisası yüksək nəticələrlə bitirən məzunlar əlavə qəbul imtahanı vermədən dövlət məktəblərində işləmək hüququ əldə edirlər. Digər ölkələrdə isə müəllimlərin seçimi mərkəzləşdirilmiş imtahan sistemi vasitəsilə həyata keçirilir. Yəni bu sahədə vahid beynəlxalq model mövcud deyil”.Sonda qeyd edib ki, son kurs yekun imtahanının nəticələrinə əsasən müəllimlərin birbaşa işlə təmin olunması hüquqi və təşkilati baxımdan mümkündür:“Lakin bunun tətbiqi üçün yekun imtahan vahid milli standartlara uyğun təşkil edilməli, qiymətləndirmənin şəffaflığı təmin olunmalı, vakant yerlərin ədalətli bölgüsü mexanizmi hazırlanmalı və müəllimlərin işə qəbulu ilə bağlı mövcud normativ-hüquqi aktlara müvafiq dəyişikliklər edilməlidir. Hazırda bu, əsasən müzakirə mərhələsində olan təklifdir və rəsmi qərar qəbul edilməyənə qədər müəllimlərin işə qəbulu mövcud qaydalar əsasında davam edəcək”.Leyla Turan demokrat.az
Son illər mənzil almaq istəyən vətəndaşlar qarşısında ən çox müzakirə olunan məsələlərdən biri yeni tikili ilə köhnə tikili arasında seçimdir. Hər iki variantın qiymət, keyfiyyət, yerləşmə və gələcək investisiya baxımından öz üstünlükləri və çatışmazlıqları var.Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı Vüqar Oruc Demokrat.az-a deyib ki, bu, ilk növbədə, zövq məsələsidir:“Bəzi insanlar yeni tikiliyə üstünlük verir, bəziləri isə köhnə tikililərin həvəskarıdır. Açığı, köhnə binaların əksəriyyəti şəhərin mərkəzində yerləşir. Bunlar əvvəllər inşa edilmiş, lakin bu gün də bazardakı mövqeyini qoruyub saxlayan binalardır. Məhz şəhərin mərkəzində yerləşdiklərinə görə həmin mənzillər yüksək qiymətə təklif olunur. Baxmayaraq ki, onların istismar müddəti demək olar ki, başa çatmaq üzrədir, qəzalı vəziyyətdə olmadıqları üçün digər ərazilərdə yerləşən köhnə tikililərlə müqayisədə daha yaxşı vəziyyətdədirlər. Bu səbəbdən də onların hələ də alıcıları var. Əgər vətəndaş uzun istismar müddətinə malik, müasir tikinti materialları ilə inşa edilmiş, müasir tikinti həllərini özündə birləşdirən və uzunmüddətli istifadə üçün nəzərdə tutulan bina axtarırsa, təbii ki, yeni tikiliyə üstünlük verməlidir. Lakin yeni tikili seçərkən xüsusi diqqət yetirilməli olan məqam inşaat şirkətidir. Həmin binanı tikən şirkətin fəaliyyəti, bazardakı nüfuzu, müştərilərlə bağlı hər hansı ciddi problemlərinin olub-olmaması, eləcə də əvvəllər inşa etdiyi binalarda sonradan hər hansı qüsurların yaranıb-yaranmaması araşdırılmalıdır. Ümumilikdə yeni tikililər üstün hesab olunsa da, elə binalar var ki, yeni olmasına baxmayaraq, keyfiyyət baxımından bəzi köhnə tikililərdən də zəifdir. Hətta bir sıra binaların bu günədək təhvil-təslim aktları verilməyib və onlar sənədsiz fəaliyyət göstərirlər. Belə binalarda yaşayan sakinlər Dövlət Əmlak Xidmətindən çıxarış ala bilmirlər”.O qeyd edib ki, ona görə də seçim üç əsas amildən asılıdır:“Birincisi zövq, ikincisi vətəndaşın planlaması, üçüncüsü isə büdcəsidir. Əgər ailənin yeni tikili almağa maddi imkanı yoxdursa, təbii ki, köhnə tikiliyə üz tutacaq. Çünki köhnə tikililər həm sahə baxımından fərqlənir, həm də qiymət baxımından daha münasibdir. Məsələn, köhnə tikilidə ikiotaqlı mənzil təxminən 50 kvadratmetr olduğu halda, yeni tikilidə eyni sahə birotaqlı mənzil ola bilər. Planlaşdırma fərqli olduğuna görə maddi imkanları məhdud olan ailələr daha çox köhnə tikililərə üstünlük verirlər. Bundan əlavə, köhnə tikililər qiymət baxımından yeni tikililərdən bir çox hallarda 30 faiz, bəzi hallarda isə hətta 50 faiz daha ucuz olur. Bu da ailə büdcəsinə daha uyğun seçim hesab edilir. İnvestisiya baxımından yanaşsaq, əgər məqsəd gələcəkdə söküntü zamanı daha yüksək kompensasiya əldə etməkdirsə, köhnə tikili almaq məqsədəuyğundur. Yox, əgər məqsəd mənzili kirayəyə vermək və ya gələcəkdə qiymət artımından daha çox qazanc əldə etməkdirsə, bu halda yeni tikiliyə üstünlük vermək daha məqsədəuyğundur. Şəxsən mən mütəxəssis kimi yeni tikililərin tərəfdarıyam. Bunun səbəbi onların daha uzun istismar müddətinə malik olması və qiymətlərinin köhnə tikililərlə müqayisədə daha sürətlə artmasıdır. Bundan başqa, gələcəkdə ipoteka kreditləşməsində əsas üstünlüyün yeni tikililərə verilməsi ehtimalı var. Çünki köhnə tikililər mərhələli şəkildə sökülür və Bakı şəhərinin Baş Planı–2040 çərçivəsində bu prosesə artıq start verilib”.Ekspertin sözlərinə görə, ilk növbədə, mənzilin hüquqi vəziyyətinə diqqət yetirilməlidir:“Mənzilin çıxarışının olub-olmaması ən vacib məsələlərdən biridir. Çünki mülkiyyət hüququ yalnız Dövlət Əmlak Xidməti tərəfindən verilən çıxarışla təsdiq olunur. Çıxarışı olmayan mənzildə yaşamaq ciddi risklər yarada bilər. İkinci mühüm amil tikintinin keyfiyyətidir. Binanın hansı şirkət tərəfindən inşa olunması, tikinti norma və standartlarına nə dərəcədə əməl edilməsi, yeraltı parkinqin mövcudluğu, istifadə olunan tikinti materiallarının keyfiyyəti, istilik və səs izolyasiyası, enerji səmərəliliyi kimi məsələlər mütləq araşdırılmalıdır. Üçüncü amil yerləşmədir. İnfrastrukturun inkişaf etdiyi və ya yaxın gələcəkdə inkişaf edəcəyi gözlənilən ərazilərdə yerləşən mənzillər daha perspektivlidir. Dördüncü amil təklif olunan qiymətin bazar qiymətinə uyğun olub-olmamasıdır. Bunun üçün bazar araşdırması aparmaq, zərurət olduqda konsaltinq və ya qiymətləndirmə xidmətlərindən istifadə etmək məqsədəuyğundur. Digər vacib məsələ nəqliyyat əlçatanlığı və mənzilin investisiya potensialıdır. Gələcəkdə həmin mənzilin kirayə gəliri, ətraf ərazilərdə yeni tikililərin inşası, infrastrukturun genişlənməsi, yeni metro stansiyalarının, tramvay xətlərinin, park və istirahət məkanlarının salınması kimi amillər mənzilin dəyərinə birbaşa təsir göstərir. Sonuncu vacib məqam isə likvidlikdir. Yəni ehtiyac yarandıqda həmin mənzili tez satmaq mümkün olacaqmı, bazarda ona tələbat varmı? Bütün bu amillər dəqiqləşdirildikdən sonra mənzil almaq barədə qərar vermək daha məqsədəuyğundur”.Leyla Turan demokrat.az
Qəbul imtahanlarının nəticələrinin elan edilməsindən sonra ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ən vacib mərhələlərdən biri ixtisas seçimi prosesi başlayır. Bu mərhələdə verilən qərar təkcə universitetə qəbul şansına deyil, həm də gələcək peşə fəaliyyətinə və karyera istiqamətinə birbaşa təsir göstərir. Düzgün ixtisas seçimi yalnız yüksək bal toplayan proqramlara üstünlük verməkdən ibarət deyil, eyni zamanda şəxsi maraqların, bacarıqların, əmək bazarının tələblərinin və təhsil müəssisələrinin imkanlarının düzgün qiymətləndirilməsini tələb edir.Təhsil eksperti Elvin Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, abituriyentlər ixtisas seçimini tələsik deyil, hərtərəfli araşdırma apararaq etməlidirlər:“İlk növbədə, abituriyentlər topladıqları bala uyğun real seçim etməlidirlər. Yalnız yüksək bal tələb edən ixtisaslara üstünlük vermək qəbul şansını azalda bilər. Eyni zamanda seçimlər şəxsi maraq və bacarıqlara əsaslanmalıdır. Dəbdə olan və ya başqalarının tövsiyə etdiyi ixtisaslara yönəlməkdən çəkinməlidirlər. Universitetlərin tədris keyfiyyəti, reytinqi, müəllim heyəti və maddi-texniki bazası haqqında öncədən araşdırma aparmaq vacibdir. Ödənişli ixtisaslarda isə illik təhsil haqqının ailə büdcəsinə uyğunluğu nəzərə alınmalıdır. Digər mühüm məqam gələcək əmək bazarıdır. Seçim etməzdən əvvəl həmin ixtisas üzrə ölkədə və beynəlxalq səviyyədə kadr tələbatı araşdırılmalıdır”.Yəni, ixtisas seçərkən təkcə toplanan bala yox, gələcəkdə iş tapmaq imkanlarına və şəxsi bacarıqlara üstünlük vermək lazımdır.Leyla Turan demokrat.az
Son illər Azərbaycanda müxtəlif xəstəliklərin yayılma dinamikasında diqqətçəkən dəyişikliklər müşahidə olunur. Həkimlər xüsusilə tənəffüs sistemi xəstəliklərinin artdığını, bunun isə həm pandemiyanın uzunmüddətli təsirləri, həm də ekoloji və həyat tərzi ilə bağlı amillərlə əlaqəli olduğunu bildirirlər.Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, dünyada ən geniş yayılan xəstəliklər sırasında ürək-damar və onkoloji xəstəliklər ilk yerlərdə qərarlaşıb:“Bu xəstəliklərin yayılmasına genetik meyillilik, qidalanma vərdişləri, stres və ətraf mühit amilləri ciddi təsir göstərir. Bu artımın başlıca səbəblərindən biri, əlbəttə ki, COVID-19 pandemiyasıdır. Pandemiya dövründə xəstəliyi ağır keçirən şəxslərdə, xüsusilə ağciyərlərdə qalan izlər uzunmüddətli tənəffüs problemləri yaradıb. Post-COVID sindromları bu xəstəliklərin statistikasına əhəmiyyətli təsir göstərir. Digər tərəfdən, ağciyər xəstəliklərinin artmasında vərəm, ağciyər xərçəngi, pnevmoniya və digər infeksion və qeyri-infeksion xəstəliklər mühüm rol oynayır. Siqaret çəkmə, çirkli hava, kimyəvi maddələrə məruz qalma və digər ekoloji amillər bu riskləri daha da artırır. Pandemiyadan sonra xəstəliklərin ümumi dinamikası müəyyən qədər dəyişsə də, əsas tendensiyalar sabit qalır. Belə ki, həzm sistemi xəstəlikləri, mədə-bağırsaq traktının xəstəlikləri, xüsusilə də yoğun bağırsaq xərçəngi, mədə xəstəlikləri və autoimmun problemlər statistikada önə çıxır”.Həkim əlavə edib ki, hazırda bu dinamikaya təsir edən aşağıdakı amillər mövcuddur:“Bunlara pandemiyadan sonrakı təsirlər, ekoloji problemlər, qidalanma mədəniyyətinin zəifləməsi, azhərəkətli həyat tərzi, zərərli vərdişlər, stres və psixoloji yüklənmələrin artması daxildir. Bu faktorlar təkcə xəstəliklərin artmasına deyil, həm də onların daha erkən yaşlarda və daha ağır formada ortaya çıxmasına səbəb olur. Bu isə səhiyyə sistemindən daha ciddi yanaşma, qabaqlayıcı tədbirlər və maarifləndirmə işinin gücləndirilməsini tələb edir”.Leyla Turan demokrat.az
Avtomobil almağı planlaşdıranların qarşısında duran ən vacib seçimlərdən biri yeni, yoxsa ikinci əl nəqliyyat vasitəsinə üstünlük verməkdir. Bu qərara təkcə qiymət deyil, həm də avtomobilin texniki vəziyyəti, gələcək təmir və servis xərcləri, yanacaq sərfiyyatı, ehtiyat hissələrinin əlçatanlığı və sonradan satış dəyəri kimi amillər təsir göstərir. Xüsusilə son illərdə avtomobil bazarında qiymətlərin dəyişməsi, ikinci əl avtomobillərə tələbatın artması və yeni modellərin sayının çoxalması alıcıların seçim etməsini daha da çətinləşdirib. Azərbaycanda da bazarda əsas hərəkətverici qüvvə ikinci əl avtomobillər olaraq qalır və alıcılar daha sərfəli variantlara üstünlük verməyə davam edirlər.Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.O deyib ki, yeni avtomobil və ya ikinci əl nəqliyyat vasitəsi seçərkən alıcı ilk növbədə öz maddi imkanlarını və ehtiyaclarını nəzərə almalıdır:“Avtomobil alarkən istehsalçı zəmanəti olan modellərə üstünlük verilməsi tövsiyə olunur. Çünki bu cür avtomobillərdə istehsalçıdan qaynaqlanan nasazlıqlar zamanı ehtiyat hissələrinin dəyişdirilməsi və ya təmiri zəmanət çərçivəsində rəsmi diler və ya distribütor tərəfindən həyata keçirilir. Bu zəmanət adətən 5 il və ya 100 min kilometrədək qüvvədə olur. İkinci əl avtomobil alarkən isə daha diqqətli davranmaq vacibdir. Xüsusilə ilk dəfə avtomobil alan şəxslərə bu sahədə təcrübəsi olan biri ilə birlikdə seçim etmələri tövsiyə edilir. Alqı-satqıdan əvvəl avtomobil mütləq diaqnostikadan keçirilməli, texniki vəziyyəti yoxlanılmalı, eyni zamanda sənədləri diqqətlə araşdırılmalıdır. Gələcəkdə problemlərlə üzləşməmək üçün məhz bu kimi sadə, lakin vacib qaydalara əməl etmək lazımdır”.Ekspertin sözlərinə görə, istehsalçı zəmanəti olan modellərə üstünlük vermək daha məqsədəuyğundur. Zəmanətli maşınlarda yarana biləcək nasazlıqlar rəsmi diler tərəfindən ödənişsiz aradan qaldırılır. Bu qayda adətən 5 il və ya 100 min kilometr yürüş üçün keçərlidir.İkinci əl avtomobil alarkən isə daha ehtiyatlı olmaq lazımdır. İlk dəfə maşın alanlara təcrübəli şəxslərdən kömək istəmək məsləhət görülür. Sənədləşmədən öncə avtomobil mütləq diaqnostika olunmalı, texniki vəziyyəti və sənədləri yoxlanılmalıdır.Leyla Turan demokrat.az
“Azərbaycanda çevik iş vaxtı modelinin tətbiqini qiymətləndirmək üçün ilk növbədə əmək bazarının strukturuna baxmaq lazımdır. Ölkədə muzdla çalışanların təxminən yarısı dövlət və büdcə təşkilatlarında çalışır. Bu sektorda müvafiq qərarla işin təşkili dəyişdirilə və çevik iş saatlarının tətbiqi təmin oluna bilər. Məncə, dövlət sektorunda bununla bağlı ciddi problem yaranmaz”.Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, lakin özəl sektorda vəziyyət fərqlidir:“Burada çevik iş vaxtının tətbiqini təşviq etmək lazım gələcək. Məsələn, səhər yeməyi təqdim edən kafe saat 7:00-da fəaliyyətə başlayırsa, ona necə demək olar ki, işini saat 10:00 və ya 11:00-da başlasın? Yaxud bu problemi həll etmək üçün iki növbəli iş sistemi qurulmalıdır ki, bu da sahibkarın xərclərini artıracaq. Ona görə də bu, asan məsələ deyil. İdeya olaraq çevik iş vaxtı modeli müsbətdir. Ancaq onun praktik tətbiqi o qədər də rahat və rəvan olmayacaq. Bunun üçün müəyyən təşviq proqramlarına ehtiyac yaranacaq. Dövlət sektorunda isə bu modelin tətbiqi daha real görünür”.Onun sözlərinə görə, burada başqa mühüm məqamlar da ortaya çıxacaq:“Məsələn, məktəblər saat 8:00-da dərsə başlayırsa, valideyn uşağını məktəbə qoyduqdan sonra adətən saat 9:00-da işə çatır. Əgər iş günü saat 10:00-da başlayacaqsa, həmin bir saat ərzində nə etməlidir? Evə qayıtmalıdır, yoxsa başqa həll yolu tapılmalıdır? Bu kimi suallar kifayət qədər ciddidir və onların cavablandırılması üçün çevik iş vaxtının tətbiqi ilə yanaşı, geniş və sistemli proqramın hazırlanmasına ehtiyac var.”Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Məşğulluq Strategiyasının 2026–2030-cu illər üçün Tədbirlər Planına əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla çevik iş vaxtı rejimi modellərinin yaradılması və bununla bağlı normativ hüquqi aktların hazırlanması nəzərdə tutulur.Leyla Turan demokrat.az
Azərbaycanda taksi sahəsində həyata keçirilən islahatlar xidmət bazarında ciddi dəyişikliklərə səbəb olub. Yeni qaydalara əsasən sürücülər və nəqliyyat vasitələri üçün tələblərin sərtləşdirilməsi, lisenziyaların verilməsi mexanizminin yenilənməsi və ictimai nəqliyyatın inkişafı taksi xidmətlərinin sayına, qiymətlərinə və əlçatanlığına təsir göstərib. İslahatların əsas məqsədi bazarda keyfiyyəti artırmaq və uzun illər mövcud olmuş nizamsızlığı aradan qaldırmaqdır.Bəs görülən tədbirlər taksi xidmətinin keyfiyyətini artıracaq, yoxsa sərnişinlər üçün əlavə çətinliklər yaradacaq?Demokrat.az-a nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, taksi bazarında müşahidə olunan dəyişikliklər təsadüfi deyil və bu, son dövrdə həyata keçirilən islahatların nəticəsidir:“Uzun illər bu sahədə vahid qaydaların olmaması həm sürücülər, həm də sərnişinlər üçün problemlər yaradırdı. Bir tərəfdən sürücülər əmək şəraiti və qazancdan narazı qalırdı, digər tərəfdən isə vətəndaşlar xidmətin keyfiyyəti, təhlükəsizlik və etibarlılıqla bağlı narahatlıqlar yaşayırdı. Aparılan islahatlar çərçivəsində taksi fəaliyyəti üçün yeni tələblər müəyyənləşdirilib. Belə ki, lisenziyaların etibarlılıq müddəti yeddi ilədək uzadılıb, sürücülərin xüsusi hazırlıq keçməsi, rəqəmsal platformalarla işləmək bacarığına malik olması və avtomobillərin müəyyən edilmiş texniki və yaş meyarlarına cavab verməsi tələb olunur. Bu şərtləri yerinə yetirən sürücülər bazarda fəaliyyət göstərə bilirlər”.Onun sözlərinə görə, yeni qaydalar bazardakı taksilərin sayına da təsir edib və bu, müəyyən dövrlərdə qiymətlərdə dəyişikliklərlə müşayiət olunub."Eyni vaxtda ictimai nəqliyyatın inkişafı da sərnişinlərin seçim imkanlarını genişləndirib. Xüsusilə qısa məsafələr üzrə əvvəllər üstünlük verilən taksi sifarişlərinin bir hissəsi artıq mikromobillik vasitələri və avtobuslardan istifadəyə yönəlib. Son bir ildə avtobus zolaqlarının genişləndirilməsi, mikromobillik infrastrukturunun yaradılması və digər nəqliyyat layihələri şəhərdaxili hərəkətliliyin daha balanslı təşkilinə şərait yaradıb. Bu da sərnişin axınının müxtəlif nəqliyyat növləri arasında bölüşdürülməsinə səbəb olub. Dövlət proqramında nəzərdə tutulan tədbirlər mərhələli şəkildə həyata keçirildikcə bu problemlər də aradan qalxacaq. Nəticədə vətəndaşlar daha çox ictimai nəqliyyat alternativinə malik olacaq, taksi xidmətindən isə əsasən zəruri hallarda istifadə ediləcək. Bu isə həm xidmət keyfiyyətinin yüksəlməsinə, həm də nəqliyyat sisteminin daha səmərəli işləməsinə töhfə verəcək”.Leyla Turan demokrat.az
Azərbaycanda sosial müavinət alan şəxslərin kommunal xidmət haqlarından tam və ya qismən azad edilməsi məsələsi vaxtaşırı ictimai müzakirələrin əsas mövzularından birinə çevrilir. Xüsusilə aztəminatlı ailələrin, əlilliyi olan şəxslərin, şəhid ailələrinin və digər həssas sosial qrupların artan yaşayış xərcləri fonunda elektrik enerjisi, təbii qaz, su və digər kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi ilə bağlı təkliflər mütəmadi olaraq gündəmə gətirilir. Bu istiqamətdə dövlət dəstəyinin genişləndirilməsinin sosial rifaha müsbət təsir göstərə biləcəyi bildirilsə də, belə bir mexanizmin dövlət büdcəsinə təsiri, tətbiq imkanları və əhatə dairəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Mövzu ətrafında aparılan müzakirələr sosial müdafiə tədbirlərinin daha da təkmilləşdirilməsi və ehtiyacı olan vətəndaşların kommunal xərclərinin yüngülləşdirilməsi məsələsini yenidən diqqət mərkəzinə gətirib.Demokrat.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırda Azərbaycanda sosial müavinət alan şəxslərin, aztəminatlı ailələrin və digər həssas əhali qruplarının kommunal xidmət haqlarından tam və ya qismən azad edilməsini nəzərdə tutan ayrıca hüquqi mexanizm mövcud deyil:“Hazırda elektrik enerjisi, təbii qaz, su və digər kommunal xidmətlər üzrə ödənişlər, demək olar ki, bütün istehlakçılar üçün eyni qaydada tətbiq olunur və həssas qruplar üçün xüsusi güzəştlər nəzərdə tutulmur. Əvvəlki illərdə isə müəyyən kateqoriyalara, xüsusilə müharibə əlillərinə, şəhid ailələrinə və digər sosial həssas qruplara kommunal xidmətlərlə bağlı müxtəlif güzəştlər tətbiq edilirdi. Lakin hazırda həmin mexanizm qüvvədə deyil. Bununla belə, yaxın gələcəkdə kommunal xidmətlərin abonelik prinsipi əsasında təşkili istiqamətində dəyişikliklər ediləcəyi təqdirdə, müxtəlif sosial qruplar üçün güzəştli tariflərin tətbiqi mümkündür. Dünyanın bir çox ölkələrində bu təcrübə artıq mövcuddur. Məsələn, aylıq, altı aylıq və ya illik abonelik paketləri üzrə həssas əhali qrupları üçün xüsusi endirimlər tətbiq edilir. Avropa ölkələrində bu model kifayət qədər geniş yayılıb. ABŞ-da müharibə veteranlarına elektrik, qaz və su xidmətləri üzrə bəzi hallarda 50 faizə qədər güzəştlər təqdim olunur. Avropanın müxtəlif ölkələrində isə müharibə iştirakçıları və sağlamlığını itirmiş şəxslər üçün kommunal ödənişlərdə 30 faizə qədər endirimlər tətbiq edilir. Bu güzəştlər birbaşa abonelik paketləri çərçivəsində istehlakçılara təqdim olunur”.O qeyd edib ki, Azərbaycanda isə hələlik belə sistem tətbiq edilmir:“Bununla yanaşı, kommunal xidmətlər üzrə yeni yanaşmaların müzakirə olunduğu bildirilir. Məsələn, vətəndaş müəyyən müddət yaşayış yerindən istifadə etmədikdə, qaz və ya elektrik enerjisi təchizatını müvəqqəti dayandırmaq imkanı əldə edə bilər. Bu halda həmin dövr ərzində yalnız simvolik abunə haqqının ödənilməsi və ya ümumiyyətlə ödənişdən azadolma mexanizminin tətbiqi nəzərdən keçirilə bilər. Digər bir yanaşma isə uzunmüddətli abonelik paketləri ilə bağlıdır. Belə ki, vətəndaş bir illik abonelik haqqını əvvəlcədən ödədiyi halda, ona müəyyən faizlə güzəşt tətbiq oluna bilər. Məsələn, illik ödəniş edən abonentlər üçün 10 faizədək endirim nəzərdə tutula bilər. Bu cür modellər Avropanın bir sıra ölkələrində uğurla tətbiq olunur və istehlakın idarə olunması baxımından səmərəli hesab edilir. Lakin hazırkı vəziyyətdə Azərbaycanda bu mexanizmlərin heç biri tətbiq olunmur. Mövzu ilə bağlı müzakirələr davam edir və gələcəkdə beynəlxalq təcrübəyə uyğun yeni güzəşt mexanizmlərinin tətbiqi mümkün hesab olunur”.Leyla Turan demokrat.az
Bəzən sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda ayı, maral və dovşan ətindən hazırlandığı iddia edilən məhsulların satışı ilə bağlı məlumatlar müzakirələrə səbəb olub. Mənşəyi və baytarlıq nəzarətindən keçib-keçmədiyi məlum olmayan bu məhsulların satışa çıxarılması həm qida təhlükəsizliyi, həm də qanunvericiliyin tələbləri baxımından suallar doğurur. Vəhşi heyvan mənşəli məhsulların istehlakı və satışı ciddi nəzarət altında olmalı, istehlakçılar isə mənşəyi bəlli olmayan qidalardan uzaq durmalıdırlar.Bu barədə qida mühəndisi və nutrisoloq Fərid Səfərov Demokrat.az-a bildirib ki, ət insan orqanizmi üçün vacib zülal mənbələrindən biridir və düzgün miqdarda istehlak edildiyi halda sağlam qidalanmanın mühüm hissəsini təşkil edir:“Maral və dovşan ətinin baytarlıq qaydalarına uyğun şəkildə əldə edilməsi, kəsilməsi və saxlanılması şərti ilə istehlakında ciddi problem yoxdur. Lakin ayı əti həm dini baxımdan halal hesab edilmir, həm də vəhşi heyvan olması səbəbindən onun istehlakı məqsədəuyğun sayılmır. Ayı, maral və dovşan ətindən hazırlandığı bildirilən məhsulların satışa çıxarılması ciddi narahatlıq doğurur. Bu heyvanların harada ovlanması, hansı şəraitdə kəsilməsi, emal edilməsi və hətta konservləşdirilərək satışa təqdim olunması barədə heç bir aydın məlumatın olmaması vəziyyəti daha da riskli edir”.O vurğulayıb ki, belə halların ortaya çıxması nəzarət mexanizmlərində boşluqların mövcudluğunu göstərir:“Qanunvericiliyin tələblərinə əməl etmədən, mənşəyi məlum olmayan ət məhsullarının satışını təşkil edən şəxslər istehlakçıların sağlamlığını təhlükə altına atırlar. Bu cür qanunsuz fəaliyyətlə məşğul olanlar barəsində ciddi hüquqi tədbirlər görülməli və onların məsuliyyətə cəlb edilməsi təmin olunmalıdır”.Leyla Turan demokrat.az
“ABŞ-ın Yaxın Şərqə əlavə qoşun, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və dəniz qüvvələri göndərməsi təbii ki, regionda təhlükəsizlik mühitini daha da gərginləşdirir. Lakin bu addımı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın qaçılmaz başlanğıcı kimi qiymətləndirmək düzgün olmaz. Düşünürəm ki, Vaşinqton bununla həm mümkün eskalasiya halında hazırlığını təmin etmək istəyir, həm də hərbi güc nümayiş etdirməklə İranı və onun dəstəklədiyi silahlı qrupları çəkindirməyə çalışır”.Bunu Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.O deyib ki, indiki şərtlər daxilində ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməsinin əsas səbəblərindən biri regiondakı bazalarının, müttəfiqlərinin və dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyini təmin etməkdir:“İranın dəstəklədiyi silahlı qrupların İraq, Livan və Yəməndə fəaliyyət göstərməsi, eləcə də Hörmüz boğazı və Qırmızı dənizdə yaranan risklər Vaşinqtonu əlavə hərbi tədbirlər görməyə sövq edir. Bu baxımdan qüvvələrin artırılması ilk növbədə müdafiə və çəkindirmə strategiyasının elementi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, hərbi mövcudluğun artırılması ABŞ-a zərurət yaranacağı təqdirdə qısa müddətdə daha geniş əməliyyat keçirmək imkanı da verir. Əəvvəlcədən qüvvələrin yerləşdirilməsi istənilən ssenariyə hazırlığın vacib hissəsidir. Bu isə o deməkdir ki, Vaşinqton diplomatik həll yollarını tam istisna etməsə də, hərbi variantı da gündəmdə saxlayır. Lakin ABŞ üçün İranla genişmiqyaslı müharibənin iqtisadi, siyasi və hərbi xərcləri olduqca yüksək olacağına görə belə qərarın yalnız ciddi təxribat və ya ABŞ maraqlarına qarşı daha genişmiqyaslı hücum halında nəzərdən keçirilməsi daha real görünür. Hazırkı mərhələdə region üçün əsas risk birbaşa ABŞ–İran müharibəsindən daha çox nəzarətdən çıxan lokal toqquşmalardır. Gərginliyin nəzarətdən çıxamsı tərəflərin əvvəlcədən planlaşdırmadığı daha geniş hərbi qarşıdurmaya yol aça bilər. Yəni başqa sözlə tərəflərin niyyətindən asılı olmayaraq münaqişənin genişlənməsi riski olduğu üçün ABŞ-də bununla bağlı hazırlığını gücləndirib”. Onun sözlərinə görə, regional təhlükəsizlik baxımından ABŞ-ın hərbi iştirakının artması iki fərqli nəticə doğura bilər:“Bir tərəfdən, güclü hərbi mövcudluq İranı və onun müttəfiqlərini daha ehtiyatlı davranmağa məcbur edərək çəkindirmə effekti yarada bilər. Digər tərəfdən isə əlavə hərbi qüvvələrin yerləşdirilməsi qarşılıqlı cavab tədbirləri ehtimalını artıraraq gərginliyi daha da yüksəldə bilər. Bu baxımdan regionun təhlükəsizlik mühiti əvvəlki dövrlərlə müqayisədə daha kövrək xarakter alıb deyə bilərik. Qlobal geosiyasi müstəvidə isə belə bir eskalasiya enerji bazarlarına, beynəlxalq dəniz daşımalarına və böyük dövlətlər arasındakı rəqabətə daha böyük təsir göstərə bilər. Hörmüz boğazında və ya Qırmızı dənizdə təhlükəsizlik problemlərinin artması dünya enerji qiymətlərinin yüksəlməsinə, inflyasiya risklərinin güclənməsinə və qlobal iqtisadi qeyri-müəyyənliyin dərinləşməsinə səbəb olur. Eyni zamanda Rusiya və Çin kimi aktorlar yaranmış vəziyyəti öz geosiyasi maraqları baxımından qiymətləndirməyə çalışacaq ki, bu da beynəlxalq münasibətlər sistemində rəqabəti daha da kəskinləşdirəcək. ABŞ-ın Yaxın Şərqə əlavə qoşun və hərbi texnika göndərməsi İrana qarşı genişmiqyaslı müharibənin qaçılmaz olduğunu göstərmir. Bu addım daha çox çəkindirmə, böhran vəziyyətinə operativ reaksiya vermək və müttəfiqlərə təhlükəsizlik zəmanəti nümayiş etdirmək məqsədi daşıyır. Bununla belə, yüksək hərbi aktivlik və qarşılıqlı etimadsızlıq fonunda lokal insidentlərin daha geniş regional qarşıdurmaya çevrilməsi ehtimalı da əvvəlki dövrlərlə müqayisədə daha yüksək olaraq qalır”.Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması regionda gərginliyin yeni mərhələyə keçə biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.Leyla Turan demokrat.az