Sağlamlıq Özəl

Ölkədə xəstəliklərin artmasına səbəb olan amillər açıqlandı

Ölkədə xəstəliklərin artmasına səbəb olan amillər açıqlandı

Son illər Azərbaycanda müxtəlif xəstəliklərin yayılma dinamikasında diqqətçəkən dəyişikliklər müşahidə olunur. Həkimlər xüsusilə tənəffüs sistemi xəstəliklərinin artdığını, bunun isə həm pandemiyanın uzunmüddətli təsirləri, həm də ekoloji və həyat tərzi ilə bağlı amillərlə əlaqəli olduğunu bildirirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, dünyada ən geniş yayılan xəstəliklər sırasında ürək-damar və onkoloji xəstəliklər ilk yerlərdə qərarlaşıb:

“Bu xəstəliklərin yayılmasına genetik meyillilik, qidalanma vərdişləri, stres və ətraf mühit amilləri ciddi təsir göstərir. Bu artımın başlıca səbəblərindən biri, əlbəttə ki, COVID-19 pandemiyasıdır. Pandemiya dövründə xəstəliyi ağır keçirən şəxslərdə, xüsusilə ağciyərlərdə qalan izlər uzunmüddətli tənəffüs problemləri yaradıb. Post-COVID sindromları bu xəstəliklərin statistikasına əhəmiyyətli təsir göstərir. Digər tərəfdən, ağciyər xəstəliklərinin artmasında vərəm, ağciyər xərçəngi, pnevmoniya və digər infeksion və qeyri-infeksion xəstəliklər mühüm rol oynayır. Siqaret çəkmə, çirkli hava, kimyəvi maddələrə məruz qalma və digər ekoloji amillər bu riskləri daha da artırır. Pandemiyadan sonra xəstəliklərin ümumi dinamikası müəyyən qədər dəyişsə də, əsas tendensiyalar sabit qalır. Belə ki, həzm sistemi xəstəlikləri, mədə-bağırsaq traktının xəstəlikləri, xüsusilə də yoğun bağırsaq xərçəngi, mədə xəstəlikləri və autoimmun problemlər statistikada önə çıxır”.

Həkim əlavə edib ki, hazırda bu dinamikaya təsir edən aşağıdakı amillər mövcuddur:

“Bunlara pandemiyadan sonrakı təsirlər, ekoloji problemlər, qidalanma mədəniyyətinin zəifləməsi, azhərəkətli həyat tərzi, zərərli vərdişlər, stres və psixoloji yüklənmələrin artması daxildir. Bu faktorlar təkcə xəstəliklərin artmasına deyil, həm də onların daha erkən yaşlarda və daha ağır formada ortaya çıxmasına səbəb olur. Bu isə səhiyyə sistemindən daha ciddi yanaşma, qabaqlayıcı tədbirlər və maarifləndirmə işinin gücləndirilməsini tələb edir”.

Leyla Turan

D
demokrat.az