Avtomobil almağı planlaşdıranların qarşısında duran ən vacib seçimlərdən biri yeni, yoxsa ikinci əl nəqliyyat vasitəsinə üstünlük verməkdir. Bu qərara təkcə qiymət deyil, həm də avtomobilin texniki vəziyyəti, gələcək təmir və servis xərcləri, yanacaq sərfiyyatı, ehtiyat hissələrinin əlçatanlığı və sonradan satış dəyəri kimi amillər təsir göstərir. Xüsusilə son illərdə avtomobil bazarında qiymətlərin dəyişməsi, ikinci əl avtomobillərə tələbatın artması və yeni modellərin sayının çoxalması alıcıların seçim etməsini daha da çətinləşdirib. Azərbaycanda da bazarda əsas hərəkətverici qüvvə ikinci əl avtomobillər olaraq qalır və alıcılar daha sərfəli variantlara üstünlük verməyə davam edirlər.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, yeni avtomobil və ya ikinci əl nəqliyyat vasitəsi seçərkən alıcı ilk növbədə öz maddi imkanlarını və ehtiyaclarını nəzərə almalıdır:
“Avtomobil alarkən istehsalçı zəmanəti olan modellərə üstünlük verilməsi tövsiyə olunur. Çünki bu cür avtomobillərdə istehsalçıdan qaynaqlanan nasazlıqlar zamanı ehtiyat hissələrinin dəyişdirilməsi və ya təmiri zəmanət çərçivəsində rəsmi diler və ya distribütor tərəfindən həyata keçirilir. Bu zəmanət adətən 5 il və ya 100 min kilometrədək qüvvədə olur. İkinci əl avtomobil alarkən isə daha diqqətli davranmaq vacibdir. Xüsusilə ilk dəfə avtomobil alan şəxslərə bu sahədə təcrübəsi olan biri ilə birlikdə seçim etmələri tövsiyə edilir. Alqı-satqıdan əvvəl avtomobil mütləq diaqnostikadan keçirilməli, texniki vəziyyəti yoxlanılmalı, eyni zamanda sənədləri diqqətlə araşdırılmalıdır. Gələcəkdə problemlərlə üzləşməmək üçün məhz bu kimi sadə, lakin vacib qaydalara əməl etmək lazımdır”.
Ekspertin sözlərinə görə, istehsalçı zəmanəti olan modellərə üstünlük vermək daha məqsədəuyğundur. Zəmanətli maşınlarda yarana biləcək nasazlıqlar rəsmi diler tərəfindən ödənişsiz aradan qaldırılır. Bu qayda adətən 5 il və ya 100 min kilometr yürüş üçün keçərlidir.
İkinci əl avtomobil alarkən isə daha ehtiyatlı olmaq lazımdır. İlk dəfə maşın alanlara təcrübəli şəxslərdən kömək istəmək məsləhət görülür. Sənədləşmədən öncə avtomobil mütləq diaqnostika olunmalı, texniki vəziyyəti və sənədləri yoxlanılmalıdır.


