Sosial Özəl

Kommunal xərcləri azaldacaq yeni model hazırlanır — Açıqlama

Kommunal xərcləri azaldacaq yeni model hazırlanır — Açıqlama

Azərbaycanda sosial müavinət alan şəxslərin kommunal xidmət haqlarından tam və ya qismən azad edilməsi məsələsi vaxtaşırı ictimai müzakirələrin əsas mövzularından birinə çevrilir. Xüsusilə aztəminatlı ailələrin, əlilliyi olan şəxslərin, şəhid ailələrinin və digər həssas sosial qrupların artan yaşayış xərcləri fonunda elektrik enerjisi, təbii qaz, su və digər kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi ilə bağlı təkliflər mütəmadi olaraq gündəmə gətirilir. Bu istiqamətdə dövlət dəstəyinin genişləndirilməsinin sosial rifaha müsbət təsir göstərə biləcəyi bildirilsə də, belə bir mexanizmin dövlət büdcəsinə təsiri, tətbiq imkanları və əhatə dairəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Mövzu ətrafında aparılan müzakirələr sosial müdafiə tədbirlərinin daha da təkmilləşdirilməsi və ehtiyacı olan vətəndaşların kommunal xərclərinin yüngülləşdirilməsi məsələsini yenidən diqqət mərkəzinə gətirib.

Demokrat.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırda Azərbaycanda sosial müavinət alan şəxslərin, aztəminatlı ailələrin və digər həssas əhali qruplarının kommunal xidmət haqlarından tam və ya qismən azad edilməsini nəzərdə tutan ayrıca hüquqi mexanizm mövcud deyil:

Kommunal xərcləri azaldacaq yeni model hazırlanır — Açıqlama

“Hazırda elektrik enerjisi, təbii qaz, su və digər kommunal xidmətlər üzrə ödənişlər, demək olar ki, bütün istehlakçılar üçün eyni qaydada tətbiq olunur və həssas qruplar üçün xüsusi güzəştlər nəzərdə tutulmur. Əvvəlki illərdə isə müəyyən kateqoriyalara, xüsusilə müharibə əlillərinə, şəhid ailələrinə və digər sosial həssas qruplara kommunal xidmətlərlə bağlı müxtəlif güzəştlər tətbiq edilirdi. Lakin hazırda həmin mexanizm qüvvədə deyil. Bununla belə, yaxın gələcəkdə kommunal xidmətlərin abonelik prinsipi əsasında təşkili istiqamətində dəyişikliklər ediləcəyi təqdirdə, müxtəlif sosial qruplar üçün güzəştli tariflərin tətbiqi mümkündür. Dünyanın bir çox ölkələrində bu təcrübə artıq mövcuddur. Məsələn, aylıq, altı aylıq və ya illik abonelik paketləri üzrə həssas əhali qrupları üçün xüsusi endirimlər tətbiq edilir. Avropa ölkələrində bu model kifayət qədər geniş yayılıb. ABŞ-da müharibə veteranlarına elektrik, qaz və su xidmətləri üzrə bəzi hallarda 50 faizə qədər güzəştlər təqdim olunur. Avropanın müxtəlif ölkələrində isə müharibə iştirakçıları və sağlamlığını itirmiş şəxslər üçün kommunal ödənişlərdə 30 faizə qədər endirimlər tətbiq edilir. Bu güzəştlər birbaşa abonelik paketləri çərçivəsində istehlakçılara təqdim olunur”.

O qeyd edib ki, Azərbaycanda isə hələlik belə sistem tətbiq edilmir:

“Bununla yanaşı, kommunal xidmətlər üzrə yeni yanaşmaların müzakirə olunduğu bildirilir. Məsələn, vətəndaş müəyyən müddət yaşayış yerindən istifadə etmədikdə, qaz və ya elektrik enerjisi təchizatını müvəqqəti dayandırmaq imkanı əldə edə bilər. Bu halda həmin dövr ərzində yalnız simvolik abunə haqqının ödənilməsi və ya ümumiyyətlə ödənişdən azadolma mexanizminin tətbiqi nəzərdən keçirilə bilər. Digər bir yanaşma isə uzunmüddətli abonelik paketləri ilə bağlıdır. Belə ki, vətəndaş bir illik abonelik haqqını əvvəlcədən ödədiyi halda, ona müəyyən faizlə güzəşt tətbiq oluna bilər. Məsələn, illik ödəniş edən abonentlər üçün 10 faizədək endirim nəzərdə tutula bilər. Bu cür modellər Avropanın bir sıra ölkələrində uğurla tətbiq olunur və istehlakın idarə olunması baxımından səmərəli hesab edilir. Lakin hazırkı vəziyyətdə Azərbaycanda bu mexanizmlərin heç biri tətbiq olunmur. Mövzu ilə bağlı müzakirələr davam edir və gələcəkdə beynəlxalq təcrübəyə uyğun yeni güzəşt mexanizmlərinin tətbiqi mümkün hesab olunur”.

Leyla Turan

D
demokrat.az