Fərdi yaşayış evi tikmək istəyən şəxslərin böyük əksəriyyəti hələ də maneələrlə qarşılaşacağını, tikintiyə başlamaq üçün mütləq icazə sənədi almaq məcburiyyətində olduğunu düşünür. Lakin mövcud qanunvericilik müəyyən parametrlərə cavab verən evlərin inşası zamanı prosedurları xeyli sadələşdirib. Belə ki, standart ölçülərdə fərdi ev tikərkən uzun-uzadı icazə almaq yox, sadəcə aidiyyəti qurumu məlumatlandırmaq kifayətdir.
Bu barədə hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlama verib.

“Məsələ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsi ilə tənzimlənir. Əgər tikiləcək fərdi yaşayış evinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox deyilsə, xüsusi tikinti icazəsi almağa ehtiyac qalmır. Bu zaman sadələşdirilmiş məlumatlandırma mexanizmi işə düşür”.
Prosesin icra mexanizminə toxunan ekspert vurğulayıb ki, vətəndaş öncə tikintinin layihəsini hazırlamalı və müvafiq müraciət məktubu ilə yerli icra hakimiyyəti orqanına təqdim etməlidir.
“Vətəndaş müraciət məktubuna tikinti layihəsini əlavə edərək müvafiq icra hakimiyyətinə təqdim edir və ev tikmək niyyəti barədə rəsmi məlumat verir. Burada ən vacib məqam müddətdir. Əgər 10 iş günü ərzində icra orqanı tərəfindən layihəyə heç bir rəsmi irad bildirilməzsə, vətəndaş tam hüquqi əsasla tikintiyə başlaya bilər”.
Ramil Süleymanovun sözlərinə görə, qurum tərəfindən müəyyən uyğunsuzluqlar tapıldıqda da proses dayanmır.
“Əgər layihədə hər hansı irad olarsa, bu, vətəndaşa yazılı şəkildə əsaslandırılaraq çatdırılır. Sənədlərdəki və ya layihədəki iradlar aradan qaldırıldıqdan sonra fərdi yaşayış evinin tikintisinə başlamaq üçün heç bir hüquqi maneə qalmır”.


