Sosial Özəl

Taksi tapmaq çətinləşir — Yeni qərar qüvvədə

Taksi tapmaq çətinləşir — Yeni qərar qüvvədə

Azərbaycanda taksi sahəsində həyata keçirilən islahatlar xidmət bazarında ciddi dəyişikliklərə səbəb olub. Yeni qaydalara əsasən sürücülər və nəqliyyat vasitələri üçün tələblərin sərtləşdirilməsi, lisenziyaların verilməsi mexanizminin yenilənməsi və ictimai nəqliyyatın inkişafı taksi xidmətlərinin sayına, qiymətlərinə və əlçatanlığına təsir göstərib. İslahatların əsas məqsədi bazarda keyfiyyəti artırmaq və uzun illər mövcud olmuş nizamsızlığı aradan qaldırmaqdır.

Bəs görülən tədbirlər taksi xidmətinin keyfiyyətini artıracaq, yoxsa sərnişinlər üçün əlavə çətinliklər yaradacaq?

Demokrat.az-a nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, taksi bazarında müşahidə olunan dəyişikliklər təsadüfi deyil və bu, son dövrdə həyata keçirilən islahatların nəticəsidir:

“Uzun illər bu sahədə vahid qaydaların olmaması həm sürücülər, həm də sərnişinlər üçün problemlər yaradırdı. Bir tərəfdən sürücülər əmək şəraiti və qazancdan narazı qalırdı, digər tərəfdən isə vətəndaşlar xidmətin keyfiyyəti, təhlükəsizlik və etibarlılıqla bağlı narahatlıqlar yaşayırdı. Aparılan islahatlar çərçivəsində taksi fəaliyyəti üçün yeni tələblər müəyyənləşdirilib. Belə ki, lisenziyaların etibarlılıq müddəti yeddi ilədək uzadılıb, sürücülərin xüsusi hazırlıq keçməsi, rəqəmsal platformalarla işləmək bacarığına malik olması və avtomobillərin müəyyən edilmiş texniki və yaş meyarlarına cavab verməsi tələb olunur. Bu şərtləri yerinə yetirən sürücülər bazarda fəaliyyət göstərə bilirlər”.

Onun sözlərinə görə, yeni qaydalar bazardakı taksilərin sayına da təsir edib və bu, müəyyən dövrlərdə qiymətlərdə dəyişikliklərlə müşayiət olunub.

"Eyni vaxtda ictimai nəqliyyatın inkişafı da sərnişinlərin seçim imkanlarını genişləndirib. Xüsusilə qısa məsafələr üzrə əvvəllər üstünlük verilən taksi sifarişlərinin bir hissəsi artıq mikromobillik vasitələri və avtobuslardan istifadəyə yönəlib. Son bir ildə avtobus zolaqlarının genişləndirilməsi, mikromobillik infrastrukturunun yaradılması və digər nəqliyyat layihələri şəhərdaxili hərəkətliliyin daha balanslı təşkilinə şərait yaradıb. Bu da sərnişin axınının müxtəlif nəqliyyat növləri arasında bölüşdürülməsinə səbəb olub. Dövlət proqramında nəzərdə tutulan tədbirlər mərhələli şəkildə həyata keçirildikcə bu problemlər də aradan qalxacaq. Nəticədə vətəndaşlar daha çox ictimai nəqliyyat alternativinə malik olacaq, taksi xidmətindən isə əsasən zəruri hallarda istifadə ediləcək. Bu isə həm xidmət keyfiyyətinin yüksəlməsinə, həm də nəqliyyat sisteminin daha səmərəli işləməsinə töhfə verəcək”.

Leyla Turan

D
demokrat.az