Sosial Özəl

Müəllim olmaq daha da asanlaşır — Açıqlama

Müəllim olmaq daha da asanlaşır — Açıqlama

Azərbaycanda müəllimlərin işə qəbul qaydalarının dəyişdirilməsi ilə bağlı müzakirələr davam edir. Səsləndirilən təkliflərdən biri də pedaqoji ixtisas üzrə təhsil alan tələbələrin universitetin son kursunda verdikləri yekun imtahanın nəticələrinə əsasən birbaşa işlə təmin olunmasıdır.

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, bu model nəzəri baxımdan tətbiq oluna bilər:

“Lakin onun reallaşdırılması üçün qanunvericilikdə və müəllimlərin işə qəbulu sistemində ciddi dəyişikliklər edilməlidir. Hazırda Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinə müəllim qəbulu əsasən mərkəzləşdirilmiş müsabiqə, yəni Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı vasitəsilə həyata keçirilir. Universiteti bitirmək müəllim kimi birbaşa işə qəbul olunmaq hüququ vermir. Buna görə də ali məktəbin son kursunda keçirilən yekun imtahanın MİQ-i əvəz etməsi üçün müvafiq normativ-hüquqi baza yenilənməlidir. Bu modelin bir sıra üstünlükləri ola bilər. İlk növbədə, universitet təhsilinin keyfiyyətinə maraq arta bilər. Çünki yekun imtahanın nəticəsi məzunların məşğulluğuna birbaşa təsir göstərəcək. Eyni zamanda, məzunlar əlavə qəbul imtahanına hazırlaşmaq məcburiyyətində qalmayacaqlar. Müəllim çatışmazlığı olan bölgələrin kadr təminatını daha operativ şəkildə həyata keçirmək də mümkün ola bilər”.

O deyib ki, bununla yanaşı, müəyyən çətinliklər də mövcuddur:

“Müxtəlif ali təhsil müəssisələrində qiymətləndirmə meyarlarının eyni səviyyədə olmaması ədalətliliklə bağlı suallar yarada bilər. Buna görə də yekun imtahan vahid milli standartlar əsasında təşkil edilməli və onun etibarlılığı təmin olunmalıdır. Bundan başqa, məktəblərdəki vakant yerlərin sayı ilə məzunların sayı hər zaman üst-üstə düşməyə bilər. Belə olan halda, məzunların hansı məktəblərə təyin ediləcəyini müəyyənləşdirən ayrıca və şəffaf mexanizmin hazırlanmasına ehtiyac yaranacaq. MİQ imtahanı yalnız namizədin fənn biliyini deyil, müəyyən dərəcədə peşə səriştəsini, o cümlədən kurikulum üzrə hazırlığını da qiymətləndirir. Əgər son kurs yekun imtahanı MİQ-i əvəz edəcəksə, həmin imtahan da bu funksiyaları tam şəkildə yerinə yetirməlidir. Beynəlxalq təcrübədə buna bənzər yanaşmalar mövcuddur. Bəzi ölkələrdə pedaqoji ixtisası yüksək nəticələrlə bitirən məzunlar əlavə qəbul imtahanı vermədən dövlət məktəblərində işləmək hüququ əldə edirlər. Digər ölkələrdə isə müəllimlərin seçimi mərkəzləşdirilmiş imtahan sistemi vasitəsilə həyata keçirilir. Yəni bu sahədə vahid beynəlxalq model mövcud deyil”.

Sonda qeyd edib ki, son kurs yekun imtahanının nəticələrinə əsasən müəllimlərin birbaşa işlə təmin olunması hüquqi və təşkilati baxımdan mümkündür:

“Lakin bunun tətbiqi üçün yekun imtahan vahid milli standartlara uyğun təşkil edilməli, qiymətləndirmənin şəffaflığı təmin olunmalı, vakant yerlərin ədalətli bölgüsü mexanizmi hazırlanmalı və müəllimlərin işə qəbulu ilə bağlı mövcud normativ-hüquqi aktlara müvafiq dəyişikliklər edilməlidir. Hazırda bu, əsasən müzakirə mərhələsində olan təklifdir və rəsmi qərar qəbul edilməyənə qədər müəllimlərin işə qəbulu mövcud qaydalar əsasında davam edəcək”.

Leyla Turan

D
demokrat.az