Sosial Özəl

İş saatı qərarı bu sektora təsir edəcək — Açıqlama

İş saatı qərarı bu sektora təsir edəcək — Açıqlama

“Azərbaycanda çevik iş vaxtı modelinin tətbiqini qiymətləndirmək üçün ilk növbədə əmək bazarının strukturuna baxmaq lazımdır. Ölkədə muzdla çalışanların təxminən yarısı dövlət və büdcə təşkilatlarında çalışır. Bu sektorda müvafiq qərarla işin təşkili dəyişdirilə və çevik iş saatlarının tətbiqi təmin oluna bilər. Məncə, dövlət sektorunda bununla bağlı ciddi problem yaranmaz”.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında deyib.

İş saatı qərarı bu sektora təsir edəcək — Açıqlama

O bildirib ki, lakin özəl sektorda vəziyyət fərqlidir:

“Burada çevik iş vaxtının tətbiqini təşviq etmək lazım gələcək. Məsələn, səhər yeməyi təqdim edən kafe saat 7:00-da fəaliyyətə başlayırsa, ona necə demək olar ki, işini saat 10:00 və ya 11:00-da başlasın? Yaxud bu problemi həll etmək üçün iki növbəli iş sistemi qurulmalıdır ki, bu da sahibkarın xərclərini artıracaq. Ona görə də bu, asan məsələ deyil. İdeya olaraq çevik iş vaxtı modeli müsbətdir. Ancaq onun praktik tətbiqi o qədər də rahat və rəvan olmayacaq. Bunun üçün müəyyən təşviq proqramlarına ehtiyac yaranacaq. Dövlət sektorunda isə bu modelin tətbiqi daha real görünür”.

Onun sözlərinə görə, burada başqa mühüm məqamlar da ortaya çıxacaq:

“Məsələn, məktəblər saat 8:00-da dərsə başlayırsa, valideyn uşağını məktəbə qoyduqdan sonra adətən saat 9:00-da işə çatır. Əgər iş günü saat 10:00-da başlayacaqsa, həmin bir saat ərzində nə etməlidir? Evə qayıtmalıdır, yoxsa başqa həll yolu tapılmalıdır? Bu kimi suallar kifayət qədər ciddidir və onların cavablandırılması üçün çevik iş vaxtının tətbiqi ilə yanaşı, geniş və sistemli proqramın hazırlanmasına ehtiyac var.”

Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Məşğulluq Strategiyasının 2026–2030-cu illər üçün Tədbirlər Planına əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla çevik iş vaxtı rejimi modellərinin yaradılması və bununla bağlı normativ hüquqi aktların hazırlanması nəzərdə tutulur.

Leyla Turan

D
demokrat.az