Lənkəranda 66 yaşlı kişi tanışına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə liman şəhərində, M. Müşfiq küçəsi ilə 28 May küçəsinin kəsişdiyi yerdə baş verib.
1960-cı il təvəllüdlü Mustafa həmin ərazidə tanışı Xəlil (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Onların arasında mübahisə söyüş üstündə yaranıb.
İstintaq sənədlərinə görə, həmin zaman Xəlil Mustafanın ünvanına nalayiq küçə söyüşləri edib. Bundan əsəbiləşən 66 yaşlı kişi yumruqla Xəlilin sol göz nahiyəsinə zərbə vuraraq ona xəsarətlər yetirib.
Mustafa barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkmiş də onu bağışlayıb və ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü və 305.1-ci maddələrinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli


