Özəl Avto

Ucuz maşının bahalı sirri — ikiqat xərcə düşməmək üçün diqqət!

Ucuz maşının bahalı sirri — ikiqat xərcə düşməmək üçün diqqət!

İkinci əl avtomobil alarkən alıcılar bəzən yalnız onun xarici görünüşünə və qiymətinə diqqət yetirir, texniki vəziyyəti, yürüşü və əvvəlki qəza tarixçəsi kimi vacib məqamları isə nəzərdən qaçırırlar. Nəticədə ucuz qiymətə alınan avtomobil sonradan əlavə və gözlənilməz xərclərə səbəb ola bilər.

İkinci əl avtomobil alarkən ən çox hansı səhvlər edilir?

"AutoProject" şirkətinin rəhbəri, avtomobil üzrə mütəxəssis Elçin Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, ikinci əl avtomobil alarkən ən çox yol verilən səhvlərdən biri seçim zamanı əsas diqqətin avtomobilin xarici görünüşünə və qiymətinə yönəldilməsidir:

Ucuz maşının bahalı sirri — ikiqat xərcə düşməmək üçün diqqət!

"Halbuki avtomobilin real texniki vəziyyəti, yürüş göstəricisinin düzgünlüyü, əvvəlki qəza tarixçəsi və əsas aqreqatlarının vəziyyəti daha ciddi əhəmiyyət daşıyır. Xüsusilə son illər ölkəmizdə elektromobil və hibrid avtomobillərə marağın artması onların texniki yoxlanılması məsələsini daha da aktuallaşdırır. Belə avtomobillərdə ən vacib məqamlardan biri yüksək gərginlikli akkumulyatorun sağlamlıq vəziyyətinin müəyyən edilməsidir. Akkumulyatorun sağlamlıq göstəricisi (SOH), tutum itkisi, elementlər arasındakı gərginlik fərqləri və digər texniki parametrlər müasir diaqnostik avadanlıqlarla yoxlanılmalıdır. Çünki akkumulyatorda mövcud olan, lakin vaxtında aşkarlanmayan nasazlıqlar gələcəkdə alıcı üçün ciddi maliyyə itkisinə səbəb ola bilər. Bununla yanaşı, avtomobilin ağır qəza keçirib-keçirmədiyi, su altında qalıb-qalmadığı, mühərrikin, sürətlər qutusunun və elektron idarəetmə sistemlərinin vəziyyəti də diqqətlə araşdırılmalıdır".

Mütəxəssis alıcılara avtomobilin qiymətindən və xarici görünüşündən asılı olmayaraq, onu almamışdan əvvəl peşəkar texniki baxışdan keçirməyi və kompleks kompüter diaqnostikası etdirməyi tövsiyə edib:

"Unutmaq olmaz ki, vaxtında aparılan düzgün diaqnostika gələcəkdə yarana biləcək böyük təmir xərclərinin qarşısını almağın ən effektiv yollarından biridir".

FH
Fidan Hacızadə
Müxbir