Türkiyənin tanınmış aktyoru Kadir İnanırın 35 milyon türk lirəsi dəyərində olduğu iddia edilən qurbağa kolleksiyasının yoxa çıxdığı bildirilir. Aktyorun qardaşı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlama verərək kolleksiyanın dəyərini və hazırda harada olduğunu sual altına alıb.
Demokrat.az xəbər verir ki, Kadir İnanıra məxsus olduğu deyilən kolleksiya müxtəlif materiallardan hazırlanmış qurbağa fiqurlarından ibarətdir. Kolleksiyadakı əşyaların parça, keramika və şüşədən hazırlandığı qeyd olunur.
Levent İnanır kolleksiyaya 35 milyon lirə dəyərinin hansı meyarlarla müəyyənləşdirildiyinin aydın olmadığını bildirib.
O, açıqlamasında deyib:
"Nəyə əsasən ölçdünüz, nə ilə çəkdiniz? Qızıldır, gümüşdür, əyarı nədir? İçində parça da var, keramika da, şüşə də... 35 milyon, eləmi? Məsələn, mən qurbağaları qardaşımın uşaqlarına bağışlasam, 35 milyonluq ianə etmiş oluram? Bu, sual doğurur".
"Kolleksiya evdə yoxdur"
Levent İnanır kolleksiyanın hazırda Kadir İnanırın evində olmadığını və harada saxlanıldığının bilinmədiyini iddia edib.
Onun sözlərinə görə, kolleksiya Kadir İnanırın xəstəxanada olduğu müddətdə yoxa çıxıb.
"Yeri gəlmişkən, qurbağa kolleksiyası evdə yoxdur. Kadir bəyin evində yoxdur. Harada olduğu məlum deyil. Onu da aparıblar, yoxdur. Biz xəstəxanada olduğumuz vaxt onlar da yoxa çıxıb. Burada başqa hüquqi araşdırma tələb edən hadisələr də var", – deyə Levent İnanır bildirib.


