Bəzi hallarda vətəndaşların mülkiyyətində olan daşınmaz əmlaka həbs qoyulur. Bu, əsasən, borc öhdəlikləri, məhkəmə qərarları və icra tədbirləri ilə əlaqəli olur. Lakin evə həbs qoyulmasının hansı hüquqi əsaslarla həyata keçirildiyi və bunun mülkiyyətçinin hüquqlarına necə təsir etdiyi hər kəsə aydın deyil.
Hansı hallarda evə həbs qoyula bilər və mülkiyyətçi bu qərardan şikayət etmək hüququna malikdirmi?
Demokrat.az-a bu barədə danışan hüquqşünas Elnur Məmmədov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaşın mülkiyyətində olan daşınmaz əmlaka yalnız qanunla müəyyən edilmiş əsaslar və prosedurlar çərçivəsində həbs qoyula bilər:

"Bu məsələ əsasən Mülki Prosessual Məcəllə, Cinayət-Prosessual Məcəllə və "İcra haqqında" Qanunla tənzimlənir.
Evə həbs qoyulması əsasən borc öhdəliklərinin yerinə yetirilməməsi, məhkəmə qərarlarının icrası, iddianın təmin edilməsi və cinayət işi üzrə əmlakın qorunması zərurəti yarandıqda tətbiq oluna bilər. Məsələn, vətəndaşın banka və ya digər şəxsə borcu olduqda, qanuni əsaslar mövcuddursa, məhkəmə qərarı və ya icra tədbirləri çərçivəsində onun daşınmaz əmlakına həbs qoyulması mümkündür.
Əmlaka həbs qoyulması mülkiyyət hüququnun avtomatik itirilməsi demək deyil. Bu tədbir, bir qayda olaraq, mənzilin satılması, bağışlanması və ya başqa şəxsə özgəninkiləşdirilməsi üzərində məhdudiyyət yaradır. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, mülkiyyətçinin həmin evdə yaşamaq hüququ aradan qalxmır".
Elnur Məmmədov əlavə edib ki, mülkiyyətçi evinə həbs qoyulması barədə qərardan şikayət etmək hüququna malikdir:
"Əgər həbsin qanunsuz, əsassız və ya borcun məbləğinə münasibətdə qeyri-mütənasib olduğunu hesab edirsə, müvafiq prosessual qaydada məhkəməyə müraciət edə bilər. Həmçinin borc ödənildikdə, icraata xitam verildikdə və ya həbsin hüquqi əsası aradan qalxdıqda əmlak üzərindəki məhdudiyyətin götürülməsi tələb oluna bilər.
Qeyd edim ki, vətəndaşın yeganə yaşayış sahəsi olması mənzilin bütün hallarda həbsdən qorunması demək deyil. Əgər mənzil borc öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilərsə, o zaman həmin mənzilin yeganə yaşayış yeri olması onun satılmasını əngəlləmir. Bununla belə, əmlaka həbs qoyulması ilə onun məcburi satışı fərqli hüquqi prosedurlardır və hər birinə qanunvericilikdə nəzərdə tutulmuş xüsusi şərtlər tətbiq edilir. Beləliklə, evə həbs qoyulması mülkiyyət hüququna qanuni məhdudiyyətdir, lakin bu tədbir özbaşına tətbiq edilə bilməz. Hər bir vətəndaş belə qərarın hüquqi əsaslarını öyrənmək, qanuniliyini mübahisələndirmək və pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiəsini tələb etmək hüququna malikdir".


