Siyasət Özəl

Politoloq: ABŞ-ın Yaxın Şərqə qoşun göndərməsi müharibənin qaçılmaz olduğu anlamına gəlmir

Politoloq: ABŞ-ın Yaxın Şərqə qoşun göndərməsi müharibənin qaçılmaz olduğu anlamına gəlmir

“ABŞ-ın Yaxın Şərqə əlavə qoşun, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və dəniz qüvvələri göndərməsi təbii ki, regionda təhlükəsizlik mühitini daha da gərginləşdirir. Lakin bu addımı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın qaçılmaz başlanğıcı kimi qiymətləndirmək düzgün olmaz. Düşünürəm ki, Vaşinqton bununla həm mümkün eskalasiya halında hazırlığını təmin etmək istəyir, həm də hərbi güc nümayiş etdirməklə İranı və onun dəstəklədiyi silahlı qrupları çəkindirməyə çalışır”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

O deyib ki, indiki şərtlər daxilində ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməsinin əsas səbəblərindən biri regiondakı bazalarının, müttəfiqlərinin və dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyini təmin etməkdir:

“İranın dəstəklədiyi silahlı qrupların İraq, Livan və Yəməndə fəaliyyət göstərməsi, eləcə də Hörmüz boğazı və Qırmızı dənizdə yaranan risklər Vaşinqtonu əlavə hərbi tədbirlər görməyə sövq edir. Bu baxımdan qüvvələrin artırılması ilk növbədə müdafiə və çəkindirmə strategiyasının elementi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, hərbi mövcudluğun artırılması ABŞ-a zərurət yaranacağı təqdirdə qısa müddətdə daha geniş əməliyyat keçirmək imkanı da verir. Əəvvəlcədən qüvvələrin yerləşdirilməsi istənilən ssenariyə hazırlığın vacib hissəsidir. Bu isə o deməkdir ki, Vaşinqton diplomatik həll yollarını tam istisna etməsə də, hərbi variantı da gündəmdə saxlayır. Lakin ABŞ üçün İranla genişmiqyaslı müharibənin iqtisadi, siyasi və hərbi xərcləri olduqca yüksək olacağına görə belə qərarın yalnız ciddi təxribat və ya ABŞ maraqlarına qarşı daha genişmiqyaslı hücum halında nəzərdən keçirilməsi daha real görünür. Hazırkı mərhələdə region üçün əsas risk birbaşa ABŞ–İran müharibəsindən daha çox nəzarətdən çıxan lokal toqquşmalardır. Gərginliyin nəzarətdən çıxamsı tərəflərin əvvəlcədən planlaşdırmadığı daha geniş hərbi qarşıdurmaya yol aça bilər. Yəni başqa sözlə tərəflərin niyyətindən asılı olmayaraq münaqişənin genişlənməsi riski olduğu üçün ABŞ-də bununla bağlı hazırlığını gücləndirib”. Onun sözlərinə görə, regional təhlükəsizlik baxımından ABŞ-ın hərbi iştirakının artması iki fərqli nəticə doğura bilər:

“Bir tərəfdən, güclü hərbi mövcudluq İranı və onun müttəfiqlərini daha ehtiyatlı davranmağa məcbur edərək çəkindirmə effekti yarada bilər. Digər tərəfdən isə əlavə hərbi qüvvələrin yerləşdirilməsi qarşılıqlı cavab tədbirləri ehtimalını artıraraq gərginliyi daha da yüksəldə bilər. Bu baxımdan regionun təhlükəsizlik mühiti əvvəlki dövrlərlə müqayisədə daha kövrək xarakter alıb deyə bilərik. Qlobal geosiyasi müstəvidə isə belə bir eskalasiya enerji bazarlarına, beynəlxalq dəniz daşımalarına və böyük dövlətlər arasındakı rəqabətə daha böyük təsir göstərə bilər. Hörmüz boğazında və ya Qırmızı dənizdə təhlükəsizlik problemlərinin artması dünya enerji qiymətlərinin yüksəlməsinə, inflyasiya risklərinin güclənməsinə və qlobal iqtisadi qeyri-müəyyənliyin dərinləşməsinə səbəb olur. Eyni zamanda Rusiya və Çin kimi aktorlar yaranmış vəziyyəti öz geosiyasi maraqları baxımından qiymətləndirməyə çalışacaq ki, bu da beynəlxalq münasibətlər sistemində rəqabəti daha da kəskinləşdirəcək. ABŞ-ın Yaxın Şərqə əlavə qoşun və hərbi texnika göndərməsi İrana qarşı genişmiqyaslı müharibənin qaçılmaz olduğunu göstərmir. Bu addım daha çox çəkindirmə, böhran vəziyyətinə operativ reaksiya vermək və müttəfiqlərə təhlükəsizlik zəmanəti nümayiş etdirmək məqsədi daşıyır. Bununla belə, yüksək hərbi aktivlik və qarşılıqlı etimadsızlıq fonunda lokal insidentlərin daha geniş regional qarşıdurmaya çevrilməsi ehtimalı da əvvəlki dövrlərlə müqayisədə daha yüksək olaraq qalır”.

Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması regionda gərginliyin yeni mərhələyə keçə biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Leyla Turan

D
demokrat.az