“Saakaşvili saxta ittiham və əsassız sanksiyalarla həbs edilib” — AÇIQLAMA

REGİON 20 noy 2021, 18:39
“Mixeil Saakaşvili müasir Gürcüstanın qurucusudur, ölkəmizi inkişaf etdirən dünyaşöhrətli liderdir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkat partiyasının üzvü Rəfi Orucov Gürcüstanda baş verən son proseslər və eks-prezident Mixeil Saakaşvilinin səhhəti haqda danışarkən deyib. 

O, qeyd edib ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Vətənə döndükdən sonra saxta ittiham və əsassız sanksiyalarla həbs edilib: “Həbs edildikdən dərhal sonra o etiraz əlaməti və mübarizə yolu olaraq aclıq aksiyalarına başladı. 50 gündür ki, davam edən aclığın fəsadları səhhətində ciddi fəsadlar yaratdı. Hazırda yaşaması üçün analiz nəticələri də ürəkaçan deyil. Gündən-günə səhhəti pisləşir, bir neçə gün əvvəl isə huşunu itirdi və onu reanimasiya şöbəsinə qaldırdılar. Beynəlxalq ictimaiyyətin, xalqın tələblərinə baxmayaraq, onun çoxfunksiyalı klinikaya köçürülməsini uzatsalar da, dünən artıq Saakaşvilinin Qoridə yerləşən hərbi hospitala köçürülməsinə nail olduq. Bu barədə Xalq müdafiəçisi, beynəlxalq təşkilatlar, habelə Avropa, Strasburq məhkəməsi bəyanatlar verdi. Gürcüstanın hər bir regionundan axın edən əhalinin tələbi onun mülki xəstəxanaya köçürülməsi, azad edilməsi və təhlükəsizliyinin təminatı ilə bağlı idi. Bunu həm dünya ictimaiyyəti, həm də yerli əhali tələb edir. Bu günlərdə onunla necə davranış etdiklərinində görüntüləri ictimaiyyətə təqdim edildi. Göründüyü kimi, qeyri insani davranışlarla bütün hüquq normalarını pozan bu hakimiyyət əsl kimliklərini hər kəsə bir daha sübut etdi. Bu gün bir daha göründü ki, Gürcüstanda demokratiya yoxdur. İnsan haqqları, təhlükəsizliyi təmin edilmir, seçki oğurlanır və diktatura hökm sürür”. 
Müsahibimiz qeyd edib ki, dünya ictimaiyyəti, qərb və bir sıra rəsmi qurumlar, Amerika senatorları, departamenti, habelə Avropanın nüfuzlu təşkilat, rəsmiləri onun məhkəmə qarşısına çıxarılmasını və ədalətli qərarın verilməsini tələb edir: “Onun məhkəmə zalına aparmaqdan çəkinən bugünki sistem onun haqqlarını qorumur. Biz isə öz növbəmizdə ona qarşı irəli sürülən əsassız sanksiyaların qaldırılmasını və azadlığını tələb edirik. Saxta ittihamlarla həbs edilən üçüncü prezidentə ədalət tələb etməyə davam edəcəyik. 

Qeyd edim ki, irəli sürülən ittihamları heç bir dünya tanımır, Rusiyadan başqa. Biz onu Rusiya rəhbərinin şəxsi əsiri hesab edirik. Xalq olaraq müstəqil, suveren heç bir ölkədən asılı olmayan bir ölkədə yaşamaq istəyirik. Mixeil Saakaşvili müasir Gürcüstanın qurucusudur, ölkəmizi inkişaf etdirən dünya şöhrətli lider və reformatordur. Bizim ona ehtiyacımız var. Vətəndaş olaraq ədalətin, haqqın, demokratiyanın təmin edilənədək mübarizəmiz davam edəcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top