“Ümid edirəm ki, Milli Konservatoriyamızın bir filialı da Şuşada olacaq”

MƏDƏNİYYƏT 29 sen 2021, 09:42
“1 il bundan  öncə Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə öz azadlıq missiyasına başladı və 30 il ərzində böyük həsrətdə olduğumuz torpaqlarımız geri qaytarıldı.

Qarabağ azaddır, Şuşa azaddır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə uzun ömür arzulayıram. Əlbəttə ki, bu istər-istəməz bütün xalqımızın böyük ruh yüksəkliyinə dəlalət etdi. Bu zaman ərzində əlbəttə ki, mədəniyyətimizdə də müəyyən pozitiv məqamlar meydana gəlməyə başladı, yeni əsərlər yazıldı. Şuşada Xarıbülbül festivalı, Vaqif Poeziya günləri, Üzeyir Hacıbəyli festivalı keçirildi. Bundan sonra digər festivallar da keçiriləcək. Ümid edirik ki, Beynəlxalq muğam festivalı da bu torpaqlarda keçiriləcək. Mən hələ ki, Şuşada bir dəfə olmuşam, o da Xarıbülbül festivalında. Təbii ki, dəvət olunsam yenə də gedəcəyəm”

Bunu Moderator.az-a açıqlamasında Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi bildirib.
 
O, daha sonra əlavə edib.
 
“Biz artıq azad olunmuş torpaqlarımızda mədəniyyətimizin təbliğinə başlamışıq. Əlbəttə ki, 15-20 il bundan əvvəl biz deyirdik ki, inşallah musiqi bayramımızı Şuşada qeyd edək. Artıq bunların hamısı reallıqdır. Xalq sevinir, xoşbəxt günlər yaşayır. Biz artıq o torpaqlarda quruculuq işlərinə başlamışıq. Ağıllı kəndlər və şəhərlər tikirik. Təbii ki, onların içində mədəniyyət müəssisələri də, ocaqları da olacaq. Ümid və arzu edirəm ki, bizim Milli Konservatoriyanın Şuşada da filialı olar. Bunu artıq bu layihə ilə məşğul olanlar bilir. Vaxt gələcək Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. İndi təsəvvür edin ki, bu dünyanın, ictimaiyyətin nə qədər marağına səbəb olacaq. 1 il ərzində baş vermiş mədəni hadisələr əlbəttə ki, başlanğıcdır. Bunun davamı da olacaq inşallah” deyə xalq artisti bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top