Elçin Bayramov qaqauz dili gününə həsr olunmuş tədbirdə iştirak etdi — FOTO

DİASPOR 27 apr 2021, 21:14
Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov MAK üzvləri ilə birlikdə, qaqauz dili gününə həsr olunmuş tədbirdə iştirak edib.

Demokrat.az
xəbər verir ki, E.Bayramov tədbirə Qaqauziyanın rəhbəri İrina Vlaxın dəvəti ilə qatılıb.

Hər ilin 27 aprel tarixi Qaqauziyada Qaqauz dili və ana dilində yazma günü kimi qeyd olunur. Bu tarix ənənəvi olaraq, “İncil”i və “Əhdi-Ətiq”in hissələrini ilk dəfə qaqauz dilinə tərcümə edən görkəmli Qaqauziya maarifçisi, tarixçi, etnoqraf və din xadimi Mixayıl Çakırın doğum günündə qeyd olunur.

Tədbir də elə hər il olduğu kimi bu il də Mixayıl Çakırın xatirəsinin yad edilməsi ilə başlayıb. Bu gün səhər saatlarına Qaqauziya rəhbəri İrina Vlax, MAK sədri Elçin Bayramov və MAK şurasının üzvləri – Ramil Adıgözəlov, Mahizar Məmmədova, o cümlədən Qaqauziya Elmi Tədqiqat Mərkəzinin işçiləri, din xadimləri, Qaqauzologiya Departamentinin işçiləri, Moldova Respublikası Elmlər Akademiyasının üzvləri M.Çakırın xatirəsinə ucaldılmış abidənin önünə toplaşıblar.

Qonaqlar və tədbir iştirakçıları Mixayıl Çakırın Kişinyovun mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər, kompleksinin önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, 20-ci əsrə qədər qaqauz xalqının öz əlifbası, yazıları və kitabları olmayıb. Mixayıl Çakır öz təşəbbüsü və şəxsi hesabına qaqauz dilində ədəbiyyatın yaranmasına töhfə verib, bu istiqamətdə bir sıra xidmətləri olub. M.Çakır bədii əsərləri qaqauz dilinə tərcümə edərək nəşr etdirib, bununla da qaqauz dili yenidən “doğulub” və bu gün də yaşayır.

Əziz qaqauzlar, Qaqauz dili gününüz mübarək!

Kutlêêrız “Gagauz dili” yortusunnan!




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top