İnam Kərimovun 3 ili: Fəaliyyəti həm müsbət, həm də mənfi qiymətləndirildi

GÜNDƏM 21 apr 2021, 10:01
İnam Kərimovun Kənd təsərrüfatı naziri təyin edilməsindən 3 il ötür. İ.Kərimovun kənd təsərrüfatı sahəsində atdığı addımları müsbət qiymətləndirənlər də, tənqid edənlər də var.

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov Pravda.az-a açıqlamasında deyib ki, İnam Kərimovun 3 illik nazir fəaliyyətini müsbət qiymətləndirir.



Deputat qeyd edib ki, ümumiyyətlə, İnam Kərimov nazir təyin olunandan sonra aqrar sahəyə yanaşma kifayət qədər dəyişib: "Elektron kənd təsərrüfatının qurulması istiqamətində ciddi addımlar atılıb. Subsidiyaların verilməsində şəffaflığın təmin olunması istiqamətində xeyli işlər görülüb. Həmçinin fermer təsərrüfatlarına dövlət qayğısının artırılması üçün daha effektiv tədbirlər həyata keçirilib. Beləliklə, yanaşma dəyişdiyinə görə kənd təsərrüfatı sektorunda inkişaf özünü göstərib. Məsələn, 2020-ci ildə pandemiya səbəbilə dünya ölkələrində, demək olar ki, bütün sahələrdə azalmalar olduğu halda, kənd təsərrüfatında 2% artım müşahidə edilib. Bu da, təbii ki, bu sahədə aparılan islahatların müsbət nəticəsi hesab edilməlidir. Ümumilikdə ölkəmizin aqrar sahəsi öz inkişaf dövrünü yaşayır. Bu sahəyə rəhbərlik edən İnam Kərimovun düzgün yanaşması aqrar sahədə daha uğurlu nəticələrə səbəb olub".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə İ.Kərimovun fəaliyyətini tənqid edib: “Hazırki Kənd təsərrüfatı naziri ixtisasca hüquqşünas olduğundan kənd təsərrüfatından tamamilə bixəbərdir, şəhərdə böyümüş adamdır və təcrübəsizdir. Təəssüflər olsun ki, İnam Kərimov ətrafına da peşəkarları yığmayıb. Onun ətrafında olanlar vaxtilə "ASAN xidmət"də birgə fəaliyyət göstərdikləri yaxın adamlarıdır və elə yüksək vəzifə verdikləri də özü kimi bu sahədən xəbərsiz qeyri-peşəkarlardır. Nəticədə isə biz görürük ki, əksər sahələrdə məhsuldarlıq aşağı düşüb. Hələ təkcə ötən il buğda istehsalı yüz milyonlarla ton azalıb. Bu, hər nə qədər quraqlıqla əlaqələndirilsə də, nəzərə almaq lazımdır ki, əslində buğda əkini zamanı kifayət qədər yağıntı olur. Hesab edirəm ki, səbəb düzgün göstərilmir. Ölkədə həmçinin digər məhsullarda olduğu kimi düyü istehsalında da azalma var. İnam Kərimov nazir olduğu dönəmlərdə bir sıra məhsulun qiymətində kəskin, düz 50%-ə qədər artım müşahidə edilir. İstehlak olunan duru yağların hamısı xaricdən idxal olunur və nəticədə duru yağın qiyməti təkcə bu il ərzində 60% artıb. Son 3 ildə ixrac azalıb, idxal artıb. Məsələn, götürək elə pomidor ixracının kəskin azalması... Baxmayaraq ki, Rusiya idxala imkan vermir, amma hesab edirəm ki, elə bu da qismən nazirin fəaliyyəti ilə bağlıdır. Yəni nazir siyasəti doğru müəyyən edərək istehsal olunan məhsulun bazarda qalmasına imkan verməməli idi. İmtina gələn zaman, qısa müddət ərzində yeni bazar tapılaraq məhsulun ixracı həyata keçirilməli idi. Başqa bir nümunədə fındıq istehsalına da baxsaq, oxşar mənzərə ilə qarşılaşacıq: əkin sahəsi iki dəfəyə qədər artsa da, ixracda azalma müşahidə edilir. Yenə də nazirliyin yanlış siyasətinin nəticəsidir. Sual yaranır, əgər daxildə tələbat bir o qədər çox deyilsə və xaricə göndərməkdə çətinlik varsa, niyə bu qədər fındıq istehsal olunur? Ümumiyyətlə, bir sıra məhsullarla bağlı verilən proqnozlar özünü doğrultmur və biz yenə də idxaldan asılı olaraq qalırıq. Alıcılıq qabiliyyətinin aşağı düşdüyü pandemiya dönəmində istehlakın artımı mümkün deyil, yəni idxalın artımının səbəbi yalnız istehsalın az olması ilə əlaqədardır".

Vahid Məhərrəmov:

Ekspert əlavə edib ki, ümumiyyətlə aqrar inkişaf mərkəzləri yerlərdə fermerlərə məsləhət vermək, yardım etmək əvəzinə statistik rəqəmləri şişirtməklə məşğuldurlar: "Desələr ki, pambıq istehsalında təkcə bir il ərzində ciddi artım olub, qeyd edərdim ki, biz hələ 1980-ci illərin statistikasına nail ola bilməmişik. Baxmayaraq ki, texnologiya inkişaf edib və pambıqçılıqla ciddi məşğul olan ölkələrdə istehsal Azərbaycandakından iki dəfə yüksəkdir. İlk növbədə mütəxəssislər hazırlamaq lazımdır, kadr siyasətləri bərbaddır. İnam Kərimovun fəaliyyətinin qənaətbəxş olmamasını elə kənd təsərrüfatının geriləməsində görmək mümkündür. Fermerlərin uğurlu nəticə əldə etmək üçün çalışmasına baxmayaraq, heç bir nəticə vermir. Çünki təkrar edirəm, siyasət düzgün müəyyən edilməyib. Ümumiyyətlə, bu sahədə olduqca ciddi problemlər var".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top