Erməni general Qarabağdan xəstəlik adı ilə qaçdı

DÜNYA 21 okt 2020, 20:12

Xocalı soyqırımını törədənlərdən biri, Ermənistanın "Yerkrapa” könüllüləri ittifaqının sədri general Manvel Qriqoryan reanimasiyaya yerləşdirilirb.


Report.az xəbər verir ki, məlumatı "Aysor” yayıb.


Bildirilib ki, Manvel Qriqoryan oktyabrın 7-dən işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub.

 
Səhhəti pisləşdiyi üçün həkimlər ona Qarabağı tərk etməyi məsləhət görüblər.


Ehtimal edilir ki, Azərbaycan hərbçilərinin əlinə keçməkdən ehtiyatlanaraq, Qriqoryanı İrəvana aprıblar. Onun səhhətinin Ermənistan ordusunun məğlubiyyətindən ağırlaşdığı istisna edilmir.


Manvel Qriqoryan 1956-cı ildə Eçmiədzinin Arşaluys kəndində doğulub. Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. M.Qriqoryanın dəstəsi Dağlıq Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandanlıq edib, Ermənistan ordusunda korpus komandiri olub. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000 - 2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.


Qriqoryan da Xocalıda və Azərbaycanın işğal altında olan başqa torpaqlarında törətdiyi vəhşiliklərə, cinayətlərə görə Haaqa Məhkəməsində mühakimə ediləsi çoxsaylı erməni hərbi cinayətkarlarından biridir. Öz hərbçilərinin payını oğurlayan bu general Xocalıda qadın, uşaq və qocalara verdiyi işgəncələrlə yadda qalıb. Dünya birliyi, Beynəlxalq Məhkəmə onun kimi erməni generallarının törətdiyi cinayətləri cəzasız qoyub.


2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinir. Ona məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb. Onun "Əsgər payı” adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlətdiyi məlum olub. 


Müdafiə nazirinin keçmiş müavininin törətdiyi əməllər o qədər iyrəncdir ki, hətta, vəkil Qrant Ananyan ona hüquqi yardım göstərməkdən imtina edib. Xocalı soyqırımı həmmüəlliflərindən biri olan M.Qriqoryanla bağlı cinayət işində keçmiş müdafiə naziri Seyran Ohanyanın da adı hallanır. 



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top