Qarajdan 80 illik gizli sənədlər tapıldı — Dəhşətli izlər üzə çıxdı

DÜNYA 21 sentyabr 2026, 11:00
ABŞ-ın Nyu-York şəhərində qarajın təmizlənməsi zamanı İkinci Dünya müharibəsi dövrünə aid yüzlərlə məxfi sənəd aşkarlanıb. Təxminən 80 il əvvəl hazırlanmış materialların nasist Almaniyasında əsir saxlanılan amerikalı hərbçilərin ifadələrindən ibarət olduğu müəyyənləşib.

Demokrat.az
xəbər verir ki, hadisə mexanik Jason Hurdle evinin qarajında Halloween bəzəkləri üçün yer açmağa çalışarkən baş verib. Divardakı faner örtüyünü çıxaran Hurdle əvvəllər bilmədiyi kiçik bir bölmə aşkar edib. İçəridəki köhnə karton qutunu əvvəlcə tullamaq istəyən Hurdle küləyin kağızları dağıtmasından sonra onların üzərində qırmızı hərflərlə “GİZLİ” yazıldığını görüb.

Qutudan təxminən 300 səhifəlik sənədlər çıxıb. Materiallarda İkinci Dünya müharibəsi zamanı Almaniyada əsirlikdə olmuş 120-dən çox amerikalı hərbçinin yaşadıqları barədə birinci şəxsdən yazılmış ifadələr yer alıb.

Sənədlərin 1945-ci ildə Almaniya düşərgələrindən azad edilən hərbçilərin Fransadakı “Lucky Strike” düşərgəsində sorğu-sual edilməsi zamanı hazırlandığı bildirilir. Əsgərlərdən əsirlik dövründə gördükləri zorakılıq, pis rəftar və digər müharibə cinayətləri barədə məlumat vermələri istənilib.

İfadələrdə əsirlərin ağır şəraitdə daşınması, uzun müddət ərzaq və susuz qalması, xəstəlik və antisanitar vəziyyətlə üzləşməsi barədə məlumatlar qeyd olunub. Bəzi hərbçilər alman mühafizəçilərinin dayanmaq və ya şəxsi əşyalarını düzəltmək istəyən əsirlərə qarşı zor tətbiq etdiyini, hətta onları güllələdiyini bildiriblər.

Sənədlərin ən maraqlı tərəflərindən biri isə onların ABŞ dövlət qurumlarının itkin sənədlər siyahısında belə olmamasıdır. Hurdle materialları zibilə atmaq əvəzinə yaxınlıqdakı muzeyə aparıb. Bundan sonra mütəxəssislər ABŞ Milli Arxiv və Sənədlər İdarəsi ilə əlaqə saxlayıblar.

Milli Arxivdən iki əməkdaş Hurdleın evinə gələrək sənədləri araşdırıb və onların tarixi əhəmiyyətini təsdiqləyiblər. Sənədlərin qaraja necə gəlib çıxdığı isə hələ də məlum deyil. Onların əvvəlki ev sahibinin və ya qonşunun mirası vasitəsilə burada qaldığı ehtimal edilir.

Tarixçilər tapıntını müharibə əsirlərinin taleyinin araşdırılması baxımından mühüm mənbə hesab edirlər. Sənədlərdəki ifadələrin bir çoxu həmin dövrün hadisələrini birbaşa yaşayan insanların əl yazısı ilə qeydə alınıb.

Hazırda materiallar qorunmaya götürülüb. Onların rəqəmsallaşdırılaraq tədqiqatçılar və ictimaiyyət üçün əlçatan edilməsi planlaşdırılır. Sənədlərin bir hissəsinin müharibədən sonra yaşadıqları barədə ailələrinə belə danışmayan veteranlara aid olduğu bildirilir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top