"Pis Yedili" serialı ilə tanınan türkiyəli aktrisa Ecem Karavus səhhətində yaranan ciddi problemlə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, aktrisa sosial media hesabında paylaşım edərək beş gündür ağır zəhərlənmə səbəbindən əziyyət çəkdiyini açıqlayıb.
Karavus Sapancada olduğu müddətdə zəhərləndiyini bildirib. O, əvvəlcə yaşadığı narahatlığı adi soyuqdəymə hesab etsə də, sonradan vəziyyətinin daha ciddi olduğunu anlayıb.
"Yaşadığı çətin günlərdən danışan aktrisa bildirib ki, son beş gündə əsasən yataqda qalıb və serum müalicəsi alıb.
"Beş gündür canımla savaş içindəyəm. Sapancada zəhərləndim və görünür, çox ağır keçdi. Son beş gündə gözlərim yataqdan, serumdan və tualetdən başqa heç nə görmədi. İlk başda soyuqdəymə olduğunu düşündüm, amma elə deyilmiş. Halsızlıqdan taqətdən düşmüşəm", – deyə o bildirib.
Aktrisanın paylaşımı sosial şəbəkələrdə izləyicilərinin narahatlığına səbəb olub. Onun ünvanına çoxsaylı şəfa diləkləri və dəstək mesajları yazılıb.
Qeyd edək ki, Ecem Karavus 2011-2013-cü illərdə yayımlanan "Pis Yedili" serialında canlandırdığı Alis obrazı ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb. O, həmçinin "Muhteşem Yüzyıl", "Alın Yazım" və "Hayati ve Diğerleri" kimi layihələrdə rol alıb.



