YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Eyni qayda pozuntusu, fərqli cəza — Səbəb nədir

Eyni qayda pozuntusu, fərqli cəza — Səbəb nədir

Fiziki şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulduqda, törədilmiş əməlin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq onlara xəbərdarlıq edilə və ya inzibati məsuliyyət tətbiq oluna bilər. Lakin bəzi hallarda eyni və ya oxşar qayda pozuntusuna yol verən şəxslərdən biri yalnız xəbərdarlıq aldığı halda, digəri inzibati məsuliyyətə cəlb olunur.

Bəs bu fərq hansı meyarlar əsasında müəyyən edilir? Şəxsə xəbərdarlıq edilməsi və ya inzibati tənbeh tətbiq olunması nədən asılıdır?

Demokrat.az-a bu barədə danışan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Muradxanlı bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, xəbərdarlıq da inzibati tənbeh növüdür:

Eyni qayda pozuntusu, fərqli cəza — Səbəb nədir

"Yəni xəbərdarlıq alan şəxs məsuliyyətdən azad edilmiş hesab olunmur. Sadəcə, ona daha yüngül tənbeh tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 24-cü maddəsinə əsasən, rəsmi xəbərdarlıq yalnız müvafiq maddədə nəzərdə tutulduğu halda tətbiq edilə bilər. Bunun üçün şəxs həmin xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməli və xəta nəticəsində vurulmuş zərərin əvəzini tam ödəməlidir. Xəbərdarlıq yazılı formada rəsmiləşdirilir.

Bununla yanaşı, Məcəllənin 31-ci maddəsinə görə, inzibati tənbeh müəyyən edilərkən xətanın xarakteri, şəxsin təqsirinin dərəcəsi, əmlak vəziyyəti, şəxsiyyətini xarakterizə edən hallar, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məsələn, iki şəxs oxşar qayda pozuntusuna yol verə bilər. Onlardan biri xətanı ilk dəfə törədib, əməlindən peşman olub və vurduğu zərəri könüllü ödəyib. Digəri isə əvvəllər də analoji pozuntuya yol verib və ya onun barəsində məsuliyyəti ağırlaşdıran başqa hallar mövcuddur. Belə vəziyyətdə qanunun müvafiq maddəsinin sanksiyası imkan verirsə, fərqli tənbeh tədbirlərinin tətbiqi hüquqi baxımdan əsaslandırıla bilər. Lakin burada vacib bir məqam var: səlahiyyətli orqan istədiyi şəxsə xəbərdarlıq, digərinə isə cərimə tətbiq edə bilməz. Hər bir qərar qanuni əsaslara söykənməli və əsaslandırılmalıdır. Əgər konkret xəta üzrə qanun xəbərdarlıq nəzərdə tutmursa, səlahiyyətli şəxs öz mülahizəsinə əsasən cəriməni xəbərdarlıqla əvəz edə bilməz".

Vüsalə Muradxanlı əlavə edib ki, məsuliyyəti yüngülləşdirən halların mövcudluğu da avtomatik olaraq xəbərdarlıq tətbiq edilməsini tələb etmir:

"Bu hallar qanunun müəyyən etdiyi çərçivədə tənbehin seçilməsinə təsir göstərir. Əgər vətəndaş hesab edirsə ki, ona münasibətdə əsassız olaraq daha ağır tənbeh tətbiq olunub və ya oxşar hallarda qanunun tələbləri fərqli şəkildə tətbiq edilib, həmin qərardan qanunvericilikdə müəyyən olunmuş qaydada şikayət verə bilər. Nəticə etibarilə, qanun qarşısında bərabərlik hamıya mütləq eyni tənbehin tətbiq edilməsi demək deyil. Əsas məsələ fərqli yanaşmanın obyektiv və qanuni əsaslara söykənməsidir. Eyni hüquqi vəziyyətdə olan şəxslərə əsassız fərqli münasibət göstərilməsi isə qanunçuluq və bərabərlik prinsipləri ilə uzlaşmır".