Bu şəxslər çətinliklə iş tapırlar — Açıqlama

CƏMİYYƏT 21 sentyabr 2026, 20:00
Psixiatriya xəstəxanasında depressiya diaqnozu ilə müalicə alan şəxslərin sonrakı hüquqi və əmək vəziyyəti ilə bağlı müxtəlif məsələlər ortaya çıxır. Xüsusilə stasionar müalicə faktının şəxsin əmək fəaliyyətinə, işə qəbuluna və müəyyən hüquqlarına təsir edib-etmədiyi sual doğurur. 

Depressiya diaqnozu ilə psixiatriya xəstəxanasında bir ay stasionar müalicə alan şəxs hansı hüquqlardan məhrum edilə bilər? Belə bir şəxsin işləməsinə qanunvericiliklə hər hansı məhdudiyyət qoyulurmu?

Hüquqşünas Səməd Vəkilov Demokrat.az-a bildirib ki, psixiatriya xəstəxanasında depressiya və ya digər psixi pozuntularla bağlı müalicə almış şəxslərin müalicədən sonra əmək fəaliyyəti ilə məşğul olmasına, ümumi qaydada, hər hansı məhdudiyyət qoyulmur:

“Yəni şəxsin vaxtilə psixiatriya müəssisəsində müalicə alması və ya psixiatrik diaqnozunun olması avtomatik olaraq onun işləmək hüququnu məhdudlaşdırmır. Burada diqqət yetirilməli əsas məsələ şəxsin hüquqi baxımdan fəaliyyət qabiliyyətinin olub-olmamasıdır. Əgər müalicədən sonra həmin şəxs məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilərsə, bu hal onun əmək fəaliyyəti ilə məşğul olmasına hüquqi məhdudiyyət yarada bilər. Əmək qanunvericiliyinə əsasən, fəaliyyət qabiliyyəti olmayan şəxslə əmək müqaviləsinin bağlanmasına yol verilmir”.

Onun sözlərinə görə, şəxsin psixiatrik xəstəxanada müalicə alması və sonradan sağalaraq normal həyat fəaliyyətinə qayıtması onun əmək hüquqlarının avtomatik məhdudlaşdırılması üçün əsas hesab edilmir:

“Başqa sözlə, müalicə faktı ilə şəxsin fəaliyyət qabiliyyətinin olmaması eyni anlayış deyil. Bu baxımdan, şəxs müalicə aldıqdan sonra məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməyibsə, onun əmək fəaliyyəti ilə məşğul olmasına qanunvericilikdə ümumi qadağa nəzərdə tutulmur. Məhdudiyyət yalnız qanunla müəyyən edilmiş xüsusi hallarda və müvafiq hüquqi əsas olduqda tətbiq oluna bilər”.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

21 sentyabr 2026, 18:46
Top