Valideynlərin bu səhvi övladlarının gələcəyini məhv edir — Açıqlama

CƏMİYYƏT 21 sentyabr 2026, 19:00
Valideynlərin övladlarının təhsilindən tutmuş peşə seçiminə, dost çevrəsindən şəxsi qərarlarına qədər bir çox məsələyə müdaxilə etməsi cəmiyyətdə tez-tez müzakirə olunur. 

Bəs valideynlər uşağın həyatını onun əvəzinə planlamağa niyə meyllidirlər və bu yanaşma uşağın gələcəkdə öz qərarlarını verməsinə necə təsir edir?

Sosioloq Mətanət Məmmədova Demokrat.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu məsələ bizim cəmiyyətimizin böyük problemlərindən biridir.

Onun sözlərinə görə, çoxsaylı valideynlər var ki, həm şəhər yerlərində, həm də rayonlarda, hətta ucqar kəndlərdə belə uşaqlarının həyatını planlaşdırırlar:

“Övladları üçün gələcək dünya qururlar. Hələ lap kiçik yaşlarından, bağçaya getdikləri vaxtdan uşaqlarını hansısa bir sahədə özlərini görməyə yönləndirirlər. Məsələn, “Mənim qızım həkim olacaq, mənim qızım müəllim olacaq, mənim oğlum hüquqşünas olacaq, iqtisadçı olacaq” deyərək özlərində planlar qururlar.

Uşaqlar böyüdükcə isə görürük ki, valideynlərin fikri ilə uşaqların fikri üst-üstə düşmür. Uşaqlar özləri üçün yeni seçimlər edir, hansısa sahədə bacarıqlarını ailəyə göstərirlər. Məsələn, bir uşaq idmanda üstün nəticələr əldə edir, sinifdəki uşaqların hamısından fərqlənir. 

Qızlardan biri musiqi sahəsində daha çox uğur qazanır. Yaxud valideyn istəyir ki, övladı müəllim olsun, amma uşaq daha çox həkim olmağa meyllidir. Belə hallarda ailələrdə fikir ayrılıqları yaranır.

Bəzi valideynlər var ki, bunu anlayırlar. Özü istəsə də ki, uşağını hüquqşünas, qızını müəllim və ya həkim görsün, zaman keçdikcə övladında buna meylliliyin olmadığını görür və öz istəyini kənara qoyur. Övladının gələcəyi naminə onun seçiminə hörmətlə yanaşır.

Lakin elə valideynlər də var ki, bu məsələdə əsla öz iddialarından əl çəkmirlər. İddia edirlər ki, “Sən hüquqşünas olmalısan, sən müəllim olmalısan, sən iqtisadçı olmalısan” və sair.

Beləliklə, bəzi övladlar da var ki, öz valideynlərinin qarşısına çıxa bilmirlər. Yəni etik davranış qaydalarını pozaraq valideynlərinə qarşı çıxmaq istəmirlər. Belə olduğu təqdirdə, valideynin istəyi ilə seçilən peşədə uşaq özünü tapa bilmir.

Universiteti bitirir, daha sonra işə düzəlir və baxır ki, artıq bu peşədə özünü tapa bilmir, çünki həmin peşəni sevmir. Bundan sonra özünə başqa sahələrdə iş axtarmağa başlayır.

Bu nə ilə nəticələnir? Sanki onun vaxtını oğurlamış olurlar, həyatının müəyyən bir dövrünü itirmiş olur. Nəticədə isə onun həyatında yubanmalar baş verir”.

Sosioloq əlavə edib ki, eyni zamanda, bu məsələni valideynlərin gələcəkdə övladlarının ailə həyatını planlaşdırması ilə də əlaqələndirmək olar:

“Elə ailələr, analar var ki, uşaqlarının hələ kiçik yaşlarından gələcək həyat yoldaşını müəyyənləşdirirlər. El arasında “beşik kəsdi”, “göbək kəsdi” deyirlər. Uşaqları qız və ya oğlan olsun, onları kiçik yaşlarından qohumlarının, yaxın rəfiqələrinin və ya dostlarının övladları ilə gələcəkdə ailə qurmaq məqsədilə bir-birinə uyğun görürlər.

Ancaq uşaqlar böyüdükcə baxırsan ki, onlar bir-birinə bu cür münasibət bəsləmirlər. Bir-birlərinə bacı-qardaş, dost gözü ilə baxırlar. Aralarında sevgi və məhəbbət hissi yaranmır. Lakin valideynlər cəhd göstərirlər ki, bu iki şəxsi bir-biri ilə evləndirsinlər, ailə qursunlar.

Atasının maliyyə imkanları yüksəkdir, “Mənim övladım bu ailəyə gəlin getsə, yaxşı olar” deyə düşünürlər. Yaxud həmin şəxsin yaxşı imkanları var, “Onun qızını oğluma həyat yoldaşı olaraq alsam, övladımın gələcəyi daha yaxşı olar” düşüncəsi ilə hərəkət edirlər.

Lakin bəzi valideynlər düşünmürlər ki, hər bir insanın öz həyatı və öz taleyi var. Hər bir şəxs gələcəkdə öz həyatını özü qurmalıdır. Sən istəyirsən gedib bir milyonçu ilə ailə qurasan, amma həyatında hansı çətinliklərin olacağını əvvəlcədən bilə bilməzsən. Bunu da düşünməyən valideynlər övladlarının həyatına müdaxilə etməyə çalışırlar.

Bu isə bizim uşaqlarımızın həyatı ilə oynamaq, onların gələcəyi, arzuları, istəkləri və daxilindəki ülvi hisslərlə oynamaq deməkdir. Düşünürəm ki, valideynlər belə etməməlidirlər.

Çoxsaylı valideynlər var. Mən özüm yüzlərlə valideynin şahidi olmuşam ki, həm övladlarının ailə qurmasında, həm iş tapmasında, həm universitet seçimində, həm də ixtisas seçimində tamamilə uşaqlarının həyatına müdaxilə edirlər.

Uşaqları sərbəst buraxmaq lazımdır. Kim hansı sahədə özünü tapırsa, həmin sahədə daha effektiv ola bilər. Bu gün bizim övladımız idmançı olmaq istəyirsə, musiqiçi olmaq istəyirsə, biz onun qarşısını alırıqsa, inanın ki, gedib bizim istədiyimiz sahədə özünü tapa bilməyəcək. Bizim xətrimizə dəyməsə də, həmin sahəyə getsə belə, həyatının hansısa mərhələsində yenə öz istədiyi sahəyə qayıdacaq.
Biz bununla niyə onun vaxtını əlindən alırıq, niyə arzularını əlindən alırıq? Halbuki öz sahəsinin arxasınca getsə, biz elə sağlığımızda onun uğurlarının şahidi ola bilərik.

Biz imkan versək ki, o, öz istədiyi qadınla və ya istədiyi kişi ilə ailə qursun, onda onun ailə həyatında daha yaxşı nəticələr görə bilərik. Bəzən bizim seçdiyimiz qızlar və oğlanlar heç də övladlarımız üçün yaxşı həyat yoldaşı ola bilmirlər.

Çünki arada sevgi də yoxdur. Bəzən ailəni sevgi xilas edir, bəzən ailəni ülvi hisslər ayaqda saxlayır. İnsan nə qədər çətinlikdən keçsə də, bəzi hisslərdən vaz keçə bilmir.

Bunu düşünməyən valideynlər həmişə övladlarının onların istədiyi sənəti, ixtisası seçməsinə, onların istədiyi iş yerində çalışmasına, onların istədiyi şəxslə ailə qurmasına çalışırlar.

Mən düşünürəm ki, hər bir valideyn öz övladının xoşbəxtliyi naminə əlindən gələn hər şeyi etməlidir. Necə ki, biz deyirik: “Övladımın barmağına bir tikan batsa, o, mənim ürəyimə batmış kimidir”. Bunu deyən valideyn necə onun həyatı ilə oynaya bilər?

Uşaqları sərbəst buraxmaq lazımdır. Hər kəs öz ixtisas seçimində, iş seçimində, ailə seçimində, hətta öz həyatına dair qərarlarında sərbəst olmalıdır. Bu, onların həyatıdır. O həyatı seçmək və yaşamaq onların haqqıdır. Bu haqqa heç kim müdaxilə edə bilməz”.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

21 sentyabr 2026, 18:46
Top